musahibe.az

2016-05-27-14-40-57sami2

Samir İmanov

Musahibe.az-ın bu dəfəki müsahibi, yazar Samir İmanovdur.

Samir İmanov özünü oxuculara necə təqdim edər?

-1981-cil il avqustun 27-də Sumqayıt şəhərində anadan olmuşam. İflic, “Distrofiya” və “Hemofiliya” xəstəliklərindən əziyət çəkirəm və birinci qrup əliləm. Atam sürücü, anam isə poçt işçisi kimi çalışıb. Təhsilimi “Sumqayıt Şəhər Evdə Təhsil Məktəbi”ndə almışam. Əlilliyi olan insanlardan bəhs edən “Hədəfdəki insan”, “Mənim hədəfim” və “Özünlə fəxr et” adlı üç kitabın müəllifiyəm. Azərbaycan dilindən əlavə rus, türk və ispan dillərini də bilirəm. Hobbim müxtəlif dillərdə yazılmış kitablar toplamaqdır. Bir neçə müsabiqənin qalibi olmuşam. Dəfələrlə Fəxri Fərman və Diplomlarla təltif olunmuşam. Əlilliyi olan insanlar üçün fəaliyyət göstərən “www.qartal.org” saytının rəhbəriyəm. Devizim: “Fiziki vəziyyətin necə olursa-olsun, özünlə fəxr et”dir. Ailəliyəm, bir oğlum var.

-Öncə təhsilinizdən danışaq. Ev şəraitində təhsil almısınız. Sizin üçün bunun yaxşı və pis tərəfləri nə idi?

-Sizin də vurğuladığınız kimi təhsilimi evdə almışam. Müəllimlər növbə ilə evimizə gəlir və mənə dərs keçirdilər. Bu tip təhsilin səviyyəsi çox aşağı olur. Məktəbdə şagirdlərə gündə 5-6 dərs keçildiyi halda, bizə gündə cəmi bir müəllim gəlirdi. Gələn müəllimlərin bir çoxu da əlil uşaqlara verilən dərsin faydasız olduğunu düşünərək, işə həvəslə yanaşmırdılar. Ancaq bununla belə, mənə dəyərli məsləhətlər verən və yol göstərən müəllimlərim də var idi. Elbrus, İsgəndər, Məhi, İsmayıl, Vəli kimi müəllimlər indi də qəlbimdədirlər və hər zaman onlara minnətdaram. Fənn kitablarını oxuyaraq mənimsəməyimin tək səbəbi isə o dövrdə komputerin və televiziyanın indiki səviyyədə olmaması idi. Hava soyuq olanda evdən bayıra çıxmadığıma görə, boş zamanımı fənn kitablarını oxuyaraq keçirirdim. Cəmi 3-4 aya bütün kitabları oxuyub bitirirdim. Bəzən elə olurdu ki, il ərzində hər kitabı 2-3 dəfə oxuyurdum. Ümumiyyətlə isə ev şəraitində təhsil almağın heç bir müsbət tərəfi yoxdur. Həm təhsilin səviyəsi aşağı olur, həm müəllimlər işə biganə yanaşırlar, həm də insan fərdi şəkildə dərs aldığına görə heç kimlə rəqabət aparmadığı üçün o insanda dərs oxumaq həvəsi ölür. Əlilliyi olan insanların yüksək səviyyədə təhsil ala bilmələri üçün ölkəmizdə inkluziv təhsilin inkşafına xüsusi diqqət ayrılmalıdır. Hal-hazırda ölkəmizdə inkluziv təhsil verən məktəblərin sayı barmaqla sayılacaq dərəcədə azdır. Bu tip məktəblərin sayı nə qədər çox olarsa əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası da bir o qədər sürətlənər.

-Ancaq ev şəraitində təhsil alsanız da bir neçə dil öyrənə bilmisiniz. Maraqlıdır, həmin dillərdə kitab yazmaq fikriniz varmı?

-Yazdığım kitabları bildiyim dillərə tərcümə etmək fikrim var.

-Kitabdan söz salmışkən elə söhbətimizi bu istiqamətdə davam etdirək. Eyni mövzunu hədəfə alaraq 3 kitab yazmısınız. Növbəti kitablarda mövzu dəyişə bilərmi, yoxsa ancaq eyni səpkidə yazacaqsınız ?

-Çox təəssüflə qeyd etməliyəm ki, bu günədək Azərbaycan yazıçılarından heç kim əhatəli olaraq əlillik mövzusuna müraciət etməyib. Halbuki, bu mövzuda yazılacaq çox şey var. Azərbaycanda əlillik mövzusunda ilk roman yazan şəxs olaraq, bu gündən sonra da yazacağım bütün kitabları məhs əlillik və əlilliyi olan insanlar barəsində yazacam.

-Samir sizin 3 ildə bacardıqlarınızı bəlkə də fiziki məhdudiyyəti olmayan insan 5 ildə edə bilməzdi. Bütün bu etdiklərinizin güc mənbəyi nədədir?

-Fiziki məhdudiyyətlərlə yaşamağın hər bir dəqiqəsi, hər bir saniyəsi yorucu və əzablıdır. Ən sadə ehtiyaclarını ödəmək üçün belə səy göstərməyə, güc sərf etməyə məcbur olursan. Belə bir vəziyətdə ictimai fəaliyyətlə məşğul olmaq və uğur qazanmaq isə ikiqat çətindir. Daim öz üzərimdə işləyərək, özümü inkişaf etdirirdim. Bu illər ərzində yorulduğum, ruhdan düşdüyüm anlar da olub. Bəzən çarəsiz vəziyətdə də qalmışam. Belə anlarda mənə güc verən tək şey, qarşıma qoyduğum məqsədin uğur qazanacağına olan inamım olub. Əldə etdiyim hər şey üçün bir olan Allahıma hər zaman şükr etmişəm.

-Hazırda əlillərə olan diqqətdən razısınızmı?

-Birmənalı olaraq xeyr!

-Şəhərin infrastrukturu necə, sizin üçün əlverişlidirmi ?

-Hazırda xeyr. Ancaq son dövrlər bu istiqamətdə müəyyən işlər görülür və ümid edirəm yaxın 10 ildə hər şey ürəyimiz istəyən kimi olacaq.

-Həyat deviziniz maraqlıdır. Bəs özü ilə fəxr etməyən fiziki məhdudiyyətli insanlara Samir İmanov nə töviyyə edər?

-Əziz dostlar! Bunu tam yəqinliklə bilin ki, nə qədər əlilliyin yaratdığı problemlərin altında qalıb əzilsəniz, özünüzü ətraf aləmdən təcrid edib bayağı ömür yaşasanız, həyatın hər anında başqasının köməyinə möhtac olsanız, gələcəyinizi düşünməsəniz valideyinlərinizin ürəyinə dağ çəkmiş olursunuz. Onlar hər dəfə sizi bu vəziyətdə gördükdə məyus olur, qəm çəkirlər. Yox əgər, özünüzü inkişaf etdirsəniz, hər hansı bir bacarığa yiyələnsəniz, uğur qazansanız, bunu görən valideyinlərinizin ürəyi dağa dönəcək və onlar sizə qürur hissiylə baxacaqlar. Valideynlərinizin ürəyinə dağ çəkmək də, onların ürəyini dağa döndərmək də sizdən asılıdır. Seçim sizindir.

 

                                                                                                                                   Azadə Bayramova  

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir