Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Invalid_170911_1

Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi və uşaqların sağlamlıq imkanları məhdudluğunu doğuran səbəblərin aradan qaldırmasına, əlillərin və sağlamlıq imkanları məhdud uşaqlar reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin və sağlamlıq imkanları məhdud uşaqlar bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.

I. ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqi vəziyyətinin əsasları

Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud uşaqlar BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər.
Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir.

Maddə 2. Əsas anlayışlar

Əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq – orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır (bundan sonra – sağlamlıq imkanları məhdud uşaq (18 yaşınadək şəxs).
Şəxsin həyat fəaliyyətinin məhdudlaşması əlilin və sağlamlıq imkanları məhdud uşağın özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına nəzarət, habelə təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanlarını tamamilə, yaxud qismən itirilməsində təzahür edir.
Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması – əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun baş verməsi və ağırlaşması hallarına qarşı yönəldilmiş tibbi, ekoloji, gigiyenik, texniki təhlükəsizlik, idman və digər tədbirlər sistemidir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası – orqanizmin funksiyasının davamlı pozulması nəticəsində baş verən həyat fəaliyyətinin məhdudlaşmasının aradan qaldırılmasına, yaxud kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemidir. Reabilitasiyanın başlıca məqsədi əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial adaptasiyası və sosial statusunun reabilitasiya olunmasıdır.
Tibbi reabilitasiya – orqanizmdə anadangəlmə, yaxud sonradan baş verən xəstəlik və ya zədələr nəticəsində pozulmuş funksional qabiliyyətlərin tibbi və digər metodlara reabilitasiyasına və kompensasiyasına yönəldilmiş tədbirlər sistemidir.
Peşə-əmək reabilitasiyası – əlilin əvvəlki, yaxud yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədi ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının reabilitasiyasına, peşə seçilməsinə, işə düzəldilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemidir.
Sosial reabilitasiya – əlillərin və sağlamlıq imkanları məhdud uşaqların həyat səviyyəsinin yaxşılaşdırılmasını, onlara cəmiyyətin həyatında iştirak etmək üçün digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını təmin edən tədbirlər sistemidir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi – əlillərin və sağlamlıq imkanları məhdud uşaqların həyat fəaliyyətinin məhdudlaşdırılmasının aradan qaldırılmasını, kompensasiya edilməsini, cəmiyyətin həyatında onlara digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını nəzərdə tutan iqtisadi, sosial və hüquqi dövlət təminatları sistemidir.

Maddə 3. Tibbi-sosial ekspertiza

Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir.
Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir.
Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 3-1. Psixoloji-tibbi-pedaqoji komissiya

Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasının aparılmasını, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edilməsini, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər verilməsini, mübahisəli məsələlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya həyata keçirir.
Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə və müayinə nəticələrinin müzakirəsində iştirak etmək hüquqları vardır.

Maddə 4. Əlilliklə və uşaqların sağlamlıq imkanları məhdudluğu ilə bağlı tələbatın müəyyənləşdirilməsi

Əlilliklə və uşaqların sağlamlıq imkanları məhdudluğu ilə bağlı tələbatın müəyyənləşdirilməsi qaydası və şərtləri tibbi-sosial ekspert komissiyasının rəyinə əsasən və əlilin, sağlamlıq imkanları məhdud uşağın peşə və məişət fəaliyyəti, təhsil alma qabiliyyəti nəzərə alınmaqla təyin edilir. Əlilin, sağlamlıq imkanları məhdud uşağın zəruri sosial müdafiəsinin növləri və həcmləri tibbi, sosial-əmək reabilitasiyasına və uyğunlaşmasına dair fərdi proqram şəklində təqdim olunur.

Maddə 4-1. Şəxsin əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılması

Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır.
Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir.
Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir.

Maddə 5. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər məcburi dövlət sosial sığorta haqları və dövlət büdcəsi vəsaiti hesabına müvafiq Dövlət Proqramına uyğun olaraq maliyyələşdirilir. Dövlət Proqramı hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 6. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini təmin edən dövlət orqanları

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin təmin olunması sahəsində dövlət idarəetməsini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların respublika ictimai təşkilatlarının nümayəndələri müvafiq icra hakimiyyəti orqanları kollegiya üzvü olurlar.
Müvafiq icra hakimiyyəti orqanları, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları ilə birlikdə əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində dövlət siyasətinin həyata keçirilməsinə dair uzunmüddətli və qısamüddətli proqramları işləyib hazırlayır, habelə onların yerinə yetirilməsinə nəzarət edir.
Müvafiq icra hakimiyyəti orqanı və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiə və digər problemlərinə dair təkliflər verirlər. Dövlət əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi sahəsində təşkilatların xarici ölkələrlə əməkdaşlığının inkişafına kömək göstərir.

Maddə 7. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə dair dövlət siyasətinin həyata keçirilməsində müəssisələrin, idarələrin və təşkilatların iştirakı

Müəssisələr, idarələr və təşkilatlar əlillərin və sağlamlıq imkanları məhdud uşaqların problemlərinə dair dövlət siyasətinin həyata keçirilməsində iştirak edirlər.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial təminatını yaxşılaşdırmaq məqsədilə müəssisə, idarə və təşkilatların öz vəsaiti hesabına onların həyatının sığortası və bədbəxt hadisələrdən sığortası təmin edilir.
Müəssisələrin, idarələrin və təşkilatların əlillər üçün mallar istehsal etməyə və onlara xidmət göstərməyə, habelə əlillər üçün sosial-mədəni obyektlərə və idman qurğularına avadanlıq almağa, bunları saxlamağa yönəldilən mənfəəti dövlət büdcəsinə ayırmaların bütün növlərindən azad edilir.
Əlillərdən ötrü texniki və başqa vasitələr istehsalında ixtisaslaşan müəssisələr, təşkilatlar və kooperativlər üçün Azərbaycan Respublikasının qanunvericiliyi, habelə müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə müəyyənləşdirilən qaydada və şərtlərlə güzəştlər təyin edilir.


Maddə 8. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq, azadlıq və qanuni mənafelərinin qorunması

Azərbaycan Respublikasında əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq, azadlıq və qanuni mənafelərinin qorunması məhkəmə qaydasında və ya qanunda müəyyənləşdirilmiş başqa qaydada dövlət tərəfindən təmin olunur.
Respublika vətəndaşı onun əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud sayılıb-sayılmaması haqqında tibbi-sosial ekspert komissiyasının qərarından müvafiq icra hakimiyyəti orqanına, habelə rayon (şəhər) xalq məhkəməsinə şikayət edə bilər.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulmasında təqsiri olan vəzifəli şəxslər və başqa vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

II. ƏLİLLİYİN, UŞAQLARIN SAĞLAMLIQ İMKANLARI MƏHDUDLUĞUNUN QARŞISININ ALINMASI VƏ ƏLİLLƏRİN, SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN REABİLİTASİYASI

Maddə 9. Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində dövlət siyasəti

Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində dövlət siyasəti sağlamlığın mühafizəsi, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya vasitələrinə və xidmətlərinə olan ehtiyaclarının ödənilməsi üçün hüquqi, iqtisadi, sosial şəraitin yaradılmasında ifadə olunur və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun baş verməsi, yaxud ağırlaşması hallarının qarşısının alınmasını, habelə respublika əlilliyi, uşaqların sağlamlıq imkanları məhdudluğunun reabilitasiya sisteminin yaradılmasını və inkişafını təmin edən dövlət proqramları vasitəsilə həyata keçirilir.
Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları nümayəndələrinin iştirakı ilə tədbirlər sistemi hazırlayıb həyata keçirirlər.

Maddə 10. Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət proqramlarının müəyyənləşdirilməsi

Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət proqramları, həmçinin əlillərin, sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramı dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Maddə 11. Sağlam həyat tərzinin təbliği

Dövlət əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması məqsədilə cəmiyyətin əsas nailiyyəti kimi sağlam həyat tərzinin təbliğini təmin edir. Bu zaman xəstələrin sağalmasına çəkilən xərclərlə yanaşı, sağlam vətəndaşların öz səhhətlərini qorumağa yönəldilmiş səylərini həvəsləndirən tədbirlər görülür.
Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların bədən tərbiyəsi və idmanı Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 12. İşçilərin təhlükəsiz əmək şəraiti ilə təmin olunması

Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar işçilərə müəyyən olunmuş standartlara uyğun təhlükəsiz əmək şəraiti yaradır və onların əmək qabiliyyətinin aşağı düşməsinə, sağlamlığına vurulmuş ziyana görə qanunvericiliyə uyğun məsuliyyət daşıyır, müalicə və reabilitasiya xərclərini ödəyirlər.

Maddə 13. Uşaqlar arasında sağlamlıq imkanları məhdudluğunun profilaktikası

Uşaqlarda əqli inkişafın gizli qüsurlarını, hiss üzvlərinin, hərəkət sisteminin pozulmalarını erkən aşkar etmək məqsədilə səhiyyə müəssisələri bir yaşa qədər bütün uşaqların ixtisaslaşdırılmış uşaq diaqnostika mərkəzlərində və uşaq poliklinikalarında müayinə olunmasını və dispanser müşahidəyə götürülməsini təmin edirlər.
Uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tibbi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək psixoloji-tibbi-pedaqoji komissiyanın vəzifələrindən biridir.
Səhhətində, fiziki, yaxud əqli inkişafında hər hansı pozulma olan uşaqlara dövlət tərəfindən lazımi tibbi, pedaqoji, psixoloji, defektoloji və digər kömək göstərilir. Bu cür köməyin metodları, forması, həcmi və müddəti fərdi reabilitasiya proqramı müəyyən edilir.

Maddə 14. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramı

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi, peşə və sosial reabilitasiyası müvafiq icra hakimiyyəti orqanları və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə tibbi-sosial ekspert komissiyasının rəyi əsasında müəyyənləşdirilmiş fərdi reabilitasiya proqramı üzrə həyata keçirilir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramı reabilitasiya tədbirlərini, habelə sosial yardımın növlərinin konkret həcmini, növünü və icrası müddətini müəyyən edir.
Fərdi reabilitasiya proqramının müvafiq dövlət təşkilatları, eyni zamanda müəssisələr, idarələr və təşkilatlar tərəfindən icrası məcburidir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramında nəzərdə tutulan reabilitasiya tədbirlərinin həcmi əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası üzrə dövlət proqramında müəyyən edilmiş minimum həddən aşağı ola bilməz.

Maddə 14-1. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara tibbi xidmət

Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada əlillərin və sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək və sanatoriya-kurort müalicəsi ilə növbədə təmin olunmaq hüququ vardır.

Maddə 14-2. Reabilitasiya müəssisələri (mərkəzləri)

Reabilitasiya tədbirləri əlillərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramına və reabilitasiya tədbirləri üzrə dövlət proqramına uyğun olaraq reabilitasiya müəssisələri tərəfindən həyata keçirilir. Bu müəssisələrin yönümü reabilitasiyanın əsas istiqamətlərinə uyğun olaraq müəyyənləşdirilir. Dövlət reabilitasiya müəssisələri ilə yanaşı qeyri-dövlət reabilitasiya müəssisələri də yaradıla bilər.
Dövlət reabilitasiya müəssisələrinin fəaliyyəti müvafiq qaydada təsdiq olunan nümunəvi əsasnamələr və onların nizamnamələri ilə tənzimlənir.
Sağlamlıq imkanları məhdud (mürəkkəb və ağır çatışmazlıqları olan) şəxslərin təlimi və (və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mərkəzləri yaradılır. Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi həmin şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələləri təşkil etməkdir.

III. ƏLİLLƏRİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN TƏRBİYƏSİ, TƏHSİLİ VƏ PEŞƏ HAZIRLIĞI

Maddə 15. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və peşə hazırlığı keçməsi üçün şəraitin təmin edilməsi

Dövlət əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir.
Müvafiq icra hakimiyyəti orqanları sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından yuxarı əlillərin məktəbəqədər təhsilini, dərsdənkənar vaxtlarda tərbiyəsini, psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən tədris proqramları üzrə məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını Azərbaycan, Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada təmin edirlər.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsili və peşə hazırlığı müxtəlif formalarda, o cümlədən evdə təhsil və fərdi təhsil formalarında həyata keçirilir.
Dövlət əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təlim və peşə hazırlığı üçün xüsusi olaraq pedaqoji kadrlar hazırlanmasını təmin edir.
Sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 16. Məktəbəqədər yaşlı sağlamlıq imkanları məhdud uşaqların təlim və tərbiyəsi

Müvafiq icra hakimiyyəti orqanları məktəbəqədər yaşlı sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsinə və onlara reabilitasiya yardımı göstərilməsinə daha əlverişli imkanlar yaratmaq məqsədilə ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində xüsusi qrupların açılmasına şərait yaradırlar.
Əqli və ya fiziki inkişafındakı qüsurlara görə ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində tərbiyə edilməsinə imkan olmayan sağlamlıq imkanları məhdud uşaqları üçün xüsusi məktəbəqədər uşaq tərbiyə müəssisələri təşkil edilir.

Maddə 17. Məktəb yaşlı sağlamlıq imkanları məhdud uşaqların evdə təhsili

Ümumtəhsil məktəblərində oxumaq imkanı olmayan sağlamlıq imkanları məhdud uşaqların təhsili onların və valideynlərinin arzusu ilə ev şəraitində təşkil edilir. Müvafiq icra hakimiyyəti orqanları sağlamlıq imkanları məhdud uşaqların evdə təhsil almasına hərtərəfli şərait yaradırlar.
Evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşağın valideynlərindən birinə, yaxud onu əvəz edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə maddi təminat və güzəştlər verilir. Belə uşağa qulluq vaxtı əmək stajına daxil edilir.
Müvafiq təlim-tərbiyə müəssisəsi sağlamlıq imkanları məhdud uşaqlara evdə təlim verilməsində valideynlərə kömək göstərir.

Maddə 18. Sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar təhsili

Sağlamlıq imkanları məhdud uşaqları hərtərəfli və ahəngdar inkişaf etdirmək, onlarda ictimai fəallıq oyatmaq, onları əməyə, elmə, texnikaya, incəsənətə və idmana cəlb etmək məqsədilə təhsil orqanları, digər dövlət orqanları sağlamlıq imkanları məhdud uşaqları məktəbdənkənar təhsili üçün lazımi şəraiti təmin etməlidirlər.

Maddə 19. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ümumi, orta ixtisas və ali təhsili
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ümumi, orta ixtisas və ali təhsili ümumi tipli təhsil müəssisələrində, zərurət olduqda isə xüsusi təhsil müəssisələrində həyata keçirilir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsili üçün xüsusi şəraitin təmin edilməsi məqsədilə ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün ixtisaslaşdırılmış fakültələri və ya şöbələri təşkil edilir.
Stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində (mərkəzlərində) müalicə kursu keçən sağlamlıq imkanları məhdud uşaqlar üçün də dərs məşğələləri təşkil edilir.
İstedadlı sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində və ya xüsusi məktəbdənkənar təhsil müəssisələrində pulsuz musiqi təhsili almaq, təsviri, bədii-tətbiqi sənətlərə yiyələnmək hüququ vardır.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların qəbul imtahanları verməsi üçün lazımi şərait yaradılır.
Qəbul imtahanlarını müsbət verən əlillər ali və orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilmək hüququna malikdirlər.

Təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğdə ödənilir.
I və II qrup əlil və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrə, şagirdlərə aldıqları təqaüdün 50 faizi məbləğində əlavə ödənc verilir.
1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı I və II qrup əlil olmuş və ödənişli əsaslarla ali və orta peşə-ixtisas təhsili alan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Dövlət əlil – gənc mütəxəssislərin öz ixtisasları üzrə işə düzəlməsini təmin edir.
Tədris müəssisəsini bitirdikdən sonra əlillərə iş yeri seçməkdə üstünlük verilir.
Tədris müəssisəsini bitirdikdən sonra bölgü üzrə göndərilmiş əlili işə qəbul etməkdən imtina etdikdə, ona ixtisası üzrə iş vermədikdə və ya əmək qanunvericiliyinin başqa şərtlərinə əməl etmədikdə müəssisənin (birliyin), idarənin və təşkilatın müdiriyyəti onun iş yerinə gəlmək və daimi yaşayış yerinə qayıtmaq xərclərini habelə zəruri hallarda müşayiətçinin yol xərclərini ödəyir.
Maddə 20. Stasionar müəssisələrdə sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsi

Stasionar müəssisələr orada uzunmüddətli (21 gündən artıq) olan sağlamlıq imkanları məhdud uşaqların sosial-məişət və əmək uyğunlaşması ilə üzvi əlaqə şəraitində onların fasiləsiz təlim-tərbiyəsini təmin edir.

Maddə 21. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların peşə hazırlığı və əlavə təhsili
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların peşə hazırlığı və əlavə təhsili fərdi reabilitasiya proqramına və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət proqramına uyğun olaraq təhsil müəssisələrində, o cümlədən dövlət məşğulluq xidmətinin tədris mərkəzlərində, müəssisələrdə və təşkilatlarda (ixtisaslaşdırılmış və ya ümumi tipli) əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial yardım göstərən idarələr və onların ictimai təşkilatları ilə birlikdə təmin edilir.
Dövlət məşğulluq xidməti əmək qabiliyyətli əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara onların peşə hazırlığı, yeni peşə öyrədilməsi və məşğulluq imkanlarını müəyyən etmək məqsədilə peşə yönümü xidməti göstərilməsini təmin edir.
Görməyən və zəif görən uşaqlar Brayl yazı sistemi ilə çap olunmuş dərsliklərlə, danışan kitablarla, əyani vəsaitlərlə, xüsusi maqnitofonlarla, lupalar, əl ağacları, karlar eşitmə cihazları və digər tiflo-surdotexniki vasitələri ilə təmin olunur, onlar üçün xüsusi təhsil müəssisələri və səsyazma studiyası yaradılır, xüsusi kitabxanalar təşkil edilir.
Peşə hazırlığı və əlavə təhsil dövründə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maddi təminatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə həyata keçirilir.

Maddə 22. Şəxslərarası ünsiyyət vasitələri

Dövlət hərəkətlər dilini şəxslərarası ünsiyyət, təlim və tərcümə xidmətləri göstərmək vasitəsi kimi təsdiq edir.
Görmə qüsurları olan şəxslər Brayl sistemi üzrə təlimlə, audiovasitələr və iri şriftlə təmin edilirlər.
Əqli qüsurları olan şəxslərə dilin asan başa düşülməsinin öyrədilməsi sistemi təşkil edilir.
Nitq qüsurları olan şəxslərə müasir texniki ünsiyyət vasitələri verilir.

IV. ƏLİLLƏRİN İŞƏ DÜZƏLDİLMƏSİ

Maddə 23. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işə düzəldilməsi sahəsində xüsusi tədbirlər

Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işə düzəldilməsi sahəsində xüsusi tədbirlər əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işə düzəldilməsinin təmin olunmasına və əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün xüsusi iş yerləri yaradan, onların əməyini tətbiq edən müəssisələrə, idarələrə və təşkilatlara (mülkiyyət formalarından asılı olmayaraq) maliyyə yardımı göstərmək və güzəştlər vermək üzrə öhdəliklərin qanunvericilik yolu ilə təsbit edilməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir.

Maddə 24. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əmək hüququnun həyata keçirilməsi

Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin yaradıcılıq və istehsal qabiliyyətinin həyata keçirilməsi məqsədilə və fərdi reabilitasiya proqramları nəzərə alınmaqla, onların adi iş şəraiti olan müəssisələrdə, idarələrdə və təşkilatlarda, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyini tətbiq edən ixtisaslaşdırılmış müəssisələrdə, sexlərdə və sahələrdə işləmək, habelə sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən başqa fəaliyyət ilə məşğul olmaq hüququ təmin edilir.
Tibbi-sosial ekspert komissiyasının rəyinə görə əlilin, sağlamlıq imkanları məhdud uşağın səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, sağlamlıq imkanlarının məhdudluğu mülahizələrinə görə əlillə, sağlamlıq imkanları məhdud uşaqla əmək müqaviləsini bağlamaqdan, yaxud əlili, sağlamlıq imkanları məhdud uşağı işdə irəli çəkməkdən imtina edilməsinə, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsinə, öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir.
Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müvafiq müəssisələrdə tibbi, peşə və sosial reabilitasiya keçən şəxslərin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq işəgötürənin təşəbbüsü ilə fərdi əmək müqaviləsinin (kontraktının) ləğv edilməsinə yol verilmir.

Maddə 25. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin məşğulluğunun təmin edilməsi

Müvafiq icra hakimiyyəti orqanları, müəssisələr (birliklər), idarələr və təşkilatlar əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin ictimai təşkilatları ilə birlikdə əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyi üçün müəssisələr və təşkilatlar yaratmaq yolu ilə xüsusi proqramlar üzrə təlim təşkil etməklə və başqa tədbirlər görməklə əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə məşğulluq sahəsində təminat verirlər.
Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunanlardan başqa, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada kvota müəyyən edilir.
Müvafiq icra hakimiyyəti orqanları və əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin problemləri ilə məşğul olan ictimai təşkilatlar müəssisə və təşkilatlarda əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işlə təmin olunmasına nəzarət edirlər.
Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr, idarələr və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq, dövlət büdcəsinə əlilləri və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün respublika üzrə müəyyən edilmiş respublika üzrə orta aylıq əmək haqqının 3 misli məbləğində vəsait köçürürlər.
Yaradılmış və kvota müəyyən edilmiş iş yerlərinə əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işə göndərilməsi dövlət əhalinin məşğulluğu sisteminin yerli orqanları tərəfindən həyata keçirilir. İşə düzəlmək üçün əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə verilmiş göndəriş mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq bütün müəssisələr və təşkilatlar tərəfindən qəbul edilməlidir.
Yerli hakimiyyət orqanlarının əlillər üçün müəssisələrdə və təşkilatlarda kvota təyin etməsi üçün işçilərin sayı və kvotanın miqdarı, vergi və maliyyə güzəştləri, işədüzəltmə üzrə tapşırıqların yerinə yetirilməsində müəssisə və təşkilatların məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.


Maddə 26. İşverənlərin əmək qabiliyyətini itirmiş şəxsləri işə düzəltmək vəzifəsi

Müəssisələr, idarələr, təşkilatlar, kooperativlər, kolxozlar və xüsusi sahibkarlar həmin istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, bunun nəticəsində əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud sayılmış işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.
Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, göstərilən tələbi yerinə yetirmədikdə onlar bu işçi ilə əmək müqaviləsini (kontraktı) ləğv edərkən dövlət büdcəsinə respublika üzrə orta aylıq əmək haqqının 120 misli məbləğində vəsait köçürməlidirlər.

Maddə 27. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış iş yerləri yaradılmasına tələblər

Müvafiq işədüzəltmə orqanları, habelə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələr və təşkilatlar əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin tələbatını və yerli xüsusiyyətləri nəzərə almaqla əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış müəssisələr, sexlər və sahələr yaradırlar.
Müvafiq icra hakimiyyəti orqanları əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış iş yerlərinin respublika standartlarını hazırlayıb müəyyən olunmuş qaydada təsdiq edirlər.
Müvafiq icra hakimiyyəti orqanları respublika əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin reabilitasiya mərkəzləri ilə birlikdə bu cür iş yerlərini il ərzində attestasiyadan keçirməlidirlər.
Attestasiyadan keçməyən ixtisaslaşdırılmış iş yerlərində əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyinin tətbiqi qadağandır və bu tələbin pozulmasında təsdiqi olan təsərrüfat subyektləri qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 28. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyini tətbiq edən müəssisələr üçün üstünlüklər və güzəştlər

İşləyənlərin ümumi sayının azı 30 faizinin əlillərdən və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən ibarət olduğu müəssisələr, idarələr və təşkilatlar güzəştli maliyyələşdirmə və maddi-texniki təminat hüququna malikdirlər.
(çıxarılıb)
Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyini tətbiq və təmin edən müəssisələrdən, idarələrdən və təşkilatlardan vergi tutulmasının, onların maliyyələşdirilməsinin və maddi-texniki təminatının qaydası və şərtləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Müəyyən çeşiddə məhsulların əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin ictimai təşkilatlarının müəssisələrində istehsal olunmasına müstəsna üstünlük verilir. Mülkiyyət növündən asılı olmayaraq başqa idarələrin, müəssisələrin, təşkilatların və kooperativlərin həmin məhsulları istehsal etməsinə icazə verilmir, müvafiq icra hakimiyyəti orqanı əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin ictimai təşkilatlarının rəyini nəzərə alaraq belə məhsulların siyahısını müəyyənləşdirib təsdiq edir.

Maddə 29. Əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin əmək şəraiti

Müəssisələrdə, idarələrdə və təşkilatlarda işləyən əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilər üçün fərdi reabilitasiya proqramına müvafiq surətdə lazımi iş şəraiti yaradılır.
Kollektiv və ya fərdi əmək müqaviləsində müəyyən edilən əmək şəraiti, o cümlədən əmək haqqı, iş və istirahət vaxtı rejimi, illik və əlavə məzuniyyətlərin müddəti başqa işçilərə nisbətən əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin vəziyyətini pisləşdirə və ya hüquqlarını məhdudlaşdıra bilməz.
Müəssisə, təşkilat müdiriyyətinin ixtiyarı var ki, əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin səhhətindən asılı olaraq onların əmək normalarını azaltsın və əməyini artırılmış qiymətlərlə ödəsin.
Əlillərin iş vaxtından artıq işlərə, gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və bu şərtlə yol verilir ki, belə işlər tibbi tövsiyələrdə qadağan edilməsin.
Əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olmayaraq), sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərə illik məzuniyyətlər mövcud qanunvericiliklə müəyyən edilmiş minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir.
Əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olma-yaraq), sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərə Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq ödənişsiz məzuniyyət verilir.
I və II qrup əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.
İşçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisədə, idarədə, təşkilatda əmək şikəstliyi almış və ya peşə xəstəliyi nəticəsində əlil, 18 yaşınadək sağlamlıq imkanları məhdud olmuş işçilərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır.
Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş I və II qrup əlillərin və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir.

Maddə 30. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin evdə əməyi və sahibkarlıq fəaliyyəti

Müvafiq icra hakimiyyəti orqanları qeyri-yaşayış otaqlarını vermək, habelə xammal əldə edilməsində və məhsulun satışında kömək göstərmək yolu ilə əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin evdə əməyinin və sahibkarlıq fəaliyyətinin təşkili üçün lazımi şərait yaradırlar.

Maddə 30-1. Təsərrüfat subyektlərinin məsuliyyəti

Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işə düzəldilməsi üzrə tədbirlər görməyən mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərinin vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

V. SOSİAL İNFRASTRUKTURUN ƏLİLLƏRƏ VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARA MANEƏSİZ MÜYƏSSƏR OLMASI ÜÇÜN ŞƏRAİT YARADILMASI

Maddə 31. Sosial infrastruktur obyektləri barəsində dövlət siyasəti

Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, müəssisələri (birlikləri), idarələri və təşkilatları (mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq) sosial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin edirlər.

Maddə 32. Sosial infrastruktur obyektlərinin layihələşdirilməsi və tikintisi zamanı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tələbatının nəzərə alınması

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların müyəssər olması və istifadə etməsi üçün uyğunlaşdırılmadan yaşayış məntəqələrinin layihələşdirilməsinə, tikilməsinə, yaşayış rayonlarının formalaşdırılmasına, binaların, qurğuların, o cümlədən aeroportların, dəmir yolu vağzallarının, komplekslərinin və kommunikasiyalarının tikilməsinə və yenidən qurulmasına yol verilmir. Bu məsələlərin həllində əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının iştirakı və razılığı olmalıdır.

Maddə 33. İstifadədə olan sosial infrastruktur obyektlərinin əlillərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılması

Müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və təşkilatlar tabeliklərində olan nəqliyyat, rabitə, informasiya, mədəni-tamaşa və digər sosial infrastruktur qurğularını və obyektlərini öz vəsaitləri hesabına əlillərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırırlar.
Göstərilən obyektləri əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara müyəssər olmaq üçün uyğunlaşdırmaq mümkün olmadıqda, müvafiq müəssisələr, idarələr və təşkilatlar əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tələbatının ödənilməsini təmin edən lazımi tədbirlər hazırlayıb həyata keçirməlidirlər.

Maddə 34. Yaşayış binalarının əlillərin, sağlamlıq imkanları məhdud uşaqların müyəssər olması və istifadə etməsi üçün uyğunlaşdırılması

Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların və ya tərkibində əlil, sağlamlıq imkanları məhdud uşağı olan ailələrin yaşadıqları binalar, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları evlərin kiriş qapıları, pilləkən meydançaları fərdi reabilitasiya proqramına uyğun olaraq xüsusi vasitələr və qurğular, lift habelə telefon rabitəsi ilə təmin edilməlidir.
Yaşayış binalarının əlillər, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini mənzil fondu ixtiyarında olan müvafiq icra hakimiyyəti orqanları, müəssisələr, idarələr və təşkilatlar həyata keçirirlər.
Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları fərdi evlərin onlar üçün uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini əlilliyin, 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun başlanmasında təqsiri olan müəssisələr, idarələr və təşkilatlar, başqa hallarda isə müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
Əlilin, sağlamlıq imkanları məhdud uşağın mənzili müəyyən edilmiş tələblərə uyğun gəlmədikdə və mənzili əlilin, sağlamlıq imkanları məhdud uşağın tələbatına uyğunlaşdırmaq mümkün olmadıqda, yaşayış sahəsi onun, uşağın valideynlərinin və ya qəyyumlarının (himayəçilərinin) pazılığı və tələbi ilə dəyişdirilir.
Müvafiq icra hakimiyyəti orqanları dayaq-hərəkət sistemi pozulmuş və digər I qrup əlillərə, müharibə əlillərinə, habelə sağlamlıq imkanları məhdud uşağın ailələrinə öz yaşayış yerlərinin yaxınlığında qaraj tikintisi üçün torpaq sahələri ayrılmasını təmin edirlər.

Maddə 35. Mədəni-tamaşa müəssisələrinin və idman qurğularının əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara müyəssər olmasının təmin edilməsi

Müvafiq icra hakimiyyəti orqanları mədəni-tamaşa müəssisələrinin və idman qurğularının əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara müyəssər olması üçün lazımi şəraiti təmin etməyə, habelə onlara xüsusi idman inventarı verilməsini təmin etməyə borcludurlar.
Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar göstərilən xidmətlərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə istifadə edirlər.
Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında sağlamlıq imkanları məhdud uşaqlara və əlillərə bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.

Maddə 36. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin rabitə vasitələri ilə təmin edilməsi

Müharibə əlillərinin, onlara bərabər tutulan şəxslərin, 20 Yanvar əlillərinin və digər kateqoriyadan olan I və II qrup əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin növbədənkənar telefon çəkdirmək hüququ vardır. Müharibə əlillərinə, onlara bərabər tutulan şəxslərə, 20 Yanvar əlillərinə və digər kateqoriyadan olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan istifadə haqqını ödəmək üçün (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) müavinət verilir.

Maddə 37. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial infrastruktura müyəssərliyinin təmin edilməməsinə görə məsuliyyət

İdarələr və təşkilatlar sosial obyektlərin əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara müyəssərliyini təmin etmədikdə dövlət büdcəsinə obyektin əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara uyğunlaşdırılmasına tələb edilən məbləğin 20 faizi məbləğində çərimə köçürürlər.
Cəriməni ödəmiş müəssisələr və təşkilatlar sosial infrastruktur obyektlərinin əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara uyğunlaşdırılması vəzifəsindən azad edilmirlər.

VI. ƏLİLLƏRİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN MADDİ, SOSİAL-MƏİŞƏT VƏ TİBBİ TƏMİNATI

Maddə 38. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial yardımın növləri

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər) verilməsi, dava-dərman, texniki və başqa vasitələr, o cümlədən avtomobillər ilə, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar ilə təminat, habelə tibbi, sosial, əmək və peşə reabilitasiyası sahəsində xidmətlər göstərilməsi, məişət və ticarət xidməti göstərilməsi yolu ilə həyata keçirilir.

Maddə 39. Sosial yardımın növünün müəyyən edilməsi

Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara lazımi maddi, sosial-məişət və tibbi yardımın növlərini tibbi-sosial ekspertiza orqanları fərdi reabilitasiya proqramında müəyyən edirlər.

Maddə 40. Əlilə, sağlamlıq imkanları məhdud uşağa texniki və digər reabilitasiya vasitəsi verilməsi

Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara texniki və başqa bərpa vasitələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada verilir.
Reabilitasiya proqramında nəzərdə tutulan texniki və ya başqa vasitələr əlilə, sağlamlıq imkanları məhdud uşağa verilmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ona kompensasiya ödənilir.
Fərdi reabilitasiya Proqramına uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə nəqliyyat vasitələri almış əlillərə bu vasitələrə texniki xidmət və onların təmiri üçün Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada kompensasiya ödənilir.

Maddə 41. Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara nəqliyyat xidməti

Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir.
(çıxarılıb)
(çıxarılıb)
Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara növbədənkənar xidmət göstərilir.

Maddə 41-1. Reabilitasiya texnikasının və mexanizasiya vasitələrinin standartlaşdırılması, unifikasiyası, sınaqdan keçirilməsi və keyfiyyətinin təminatı

Əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əmək və məişət şəraitini yüngülləşdirmək üçün reabilitasiya texnikasının və mexanizasiya vasitələrinin standartlaşdırılması, unifikasiyası, sınaqdan keçirilməsi və keyfiyyətinin təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir.

Maddə 42. Tibbi xidmət, dərman preparatları və protezlər ilə təminat

Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman almaq üçün müavinət verilir.
20 Yanvar əlilləri, milli münaqişə zəminində əlil olanlar, əlil uşaqlar və digər kateqoriyalardan olan I və II qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada dərman preparatları ilə təmin edilirlər.
Əlillər, sağlamlıq imkanları məhdud uşaqlar tibbi xidmətlə, tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə, həmçinin protez-ortopediya məmulatı, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla), əlil kreslo və veloarabaları, bərpa vasitələri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər.

Maddə 43. Əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzil-məişət xidməti

Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. I qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir.
Fərdi reabilitasiyaproqramına uyğun olaraq əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələrinə binanın növünü, mərtəbəsini, abadlıq vəziyyətini və yaşayış üçün vacib olan digər şərtləri nəzərə almaqla yaşayış sahəsini seçmək hüququna malikdirlər.
Mənzil bölgüsü zamanı müvafiq icra hakimiyyəti orqanları, müəssisələr, idarələr və təşkilatlar əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin iş yerlərinin, qohumlarının yaşayış yerlərinin, reabilitasiya müəssisələrinin (mərkəzlərin) yaxınlığında mənzillər ayrılmasına olan tələbatı nəzərə alırlar.
Tibbi göstərişlərə və arzularına uyğun olaraq əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə yaşayış evlərinin aşağı mərtəbələrində mənzil verilir (və ya dəyişdirilir).
Əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə verilən mənzillər əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir.
Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə II və III qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə mənzil, kommunal xidmətlərindən istifadə haqqını ödəmək üçün müavinət verilir.

Maddə 44. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ərzaq və sənaye malları ilə təmin edilməsi

Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar ərzaq və sənaye malları ilə güzəştli qaydada təmin edilmək hüququna malikdirlər.
(çıxarılıb)
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının vəsatətləri üzrə müvafiq icra hakimiyyəti orqanları pərakəndə ticarət şəbəkəsi vasitəsilə təsərrüfat, mədəni-məişət, turist və idman malları almaqda əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara kömək göstərirlər.
Ərzaq və sənaye malları ilə güzəştli qaydada təmin edilmək hüququna malik olan əlillərin və sağlamlıq imkanları məhdud uşaqların xəstəliklərinin siyahısını müvafiq icra hakimiyyətin orqanı təsdiq edir.

Maddə 45. Evdə xidmət

Kənardan qulluğa və yardıma ehtiyacı olan əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara sosial yardım orqanları evdə, yaxud stasionar müəssisələrdə tibbi və məişət xidmətləri göstərirlər. Ahıl əlillərə sosial xidmət orqanları (evdə, yarımstasionar, stasionar müəssisələrdə), habelə fərdi qaydada sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxslər sosial xidmət göstərirlər.
Dövlət kənardan qulluğa ehtiyacı olan əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara sosial yardım üzrə stasionar müəssisələr şəbəkəsinin inkişafına kömək göstərir.
Qohumluq münasibətindən asılı olmayaraq I qrup əlilə (əlillik səbəbindən asılı olmayaraq), sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxsin bu qulluq müddəti onun ümumi əmək stajına daxil edilir.
İnsanın immunçatışmazlığı virusu ilə yaşayan yetkinlik yaşına çatmayanların valideynlərindən birinin və ya digər qanuni nümayəndəsinin həmin şəxsə xidmət etmək üçün müvəqqəti işləmədiyi dövr iş stajı saxlanılmaqla ümumi staja daxil edilir.

Maddə 46. İnternat evlərdə və digər stasionar sosial yardım müəssisələrində olan əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqları

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların internat evdə və ya digər stasionar sosial yardım müəssisəsində olmasının şərtləri onların öz hüquqlarını və qanuni mənafelərini həyata keçirməsi imkanını təmin edir və şəxsiyyətin tələbatının maksimum ödənilməsinə kömək göstərir.
Reabilitasiya tədbirləri nəticəsində əlilin, sağlamlıq imkanları məhdud uşağın internat evdə və ya başqa stasionar sosial yardım müəssisəsində olması zərurətinin aradan qalxdığı halda müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 34-cü və 43-cü maddələrinin tələblərinə uyğun olaraq ona abad yaşayış sahəsi verir.
Valideynləri olmayan və ya valideynləri valideynlik hüquqlarından məhrum edilmiş, dövlət və ya başqa sosial müəssisələrdə yaşayan sağlamlıq imkanları məhdud uşaqlar yetkinlik yaşına çatdıqda tibbi-sosial ekspertiza rəyinə görə özlərinə xidmət edə bilərsə və müstəqil yaşaya bilərsə, növbədənkənar mənzil almaq və onu abadlaşdırmaqdan ötrü maddi yardım almaq hüququna malikdirlər.
Qocalar və əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində (pansionatlarda) yaşayan əmək pensiyaçılarına təyin olunmuş əmək pensiyası tam məbləğdə ödənilir.
Əlillər üçün internat evdə (pansionatda) yaşayan pensiyaçının öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olduqda pensiya aşağıdakı qaydada ödənilməlidir: pensiyanın 25 faizi, lakin yaşa görə minimum pensiyanın 20 faizindən az olmayaraq pensiyaçının özünə, qalan hissəsi isə təyin edilmiş məbləğin 50 faizindən çox olmayaraq göstərilən ailə üzvlərinə.
Stasionar sosial xidmət müəssisələrində yaşayan ahıl əlillərin pensiyalarının verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Əmək və istirahət evində yaşayan gənc əlillərin və sağlamlıq imkanları məhdud uşaqların pensiyası tam məbləğdə ödənilir.

Maddə 47. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların həyatının yaxşılaşdırılmasına yönəldilən qərarların qəbul olunmasında müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti

Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları öz səlahiyyətləri daxilində əlillərin və sağlamlıq imkanları məhdud uşaqların spesifik tələbatının ödənilməsinə və yaşayış səviyyəsinin yüksəldilməsinə yönəlmiş müvafiq tədbirlər həyata keçirə bilərlər.

Maddə 48. Əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldilən qərarların qəbul olunmasında əmək kollektivlərinin səlahiyyəti

Pensiyaya çıxanadək müəssisədə, idarədə, təşkilatda işləmiş əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilər onun işçiləri ilə bərabər tibbi xidmət, mənzil təminatı, sağlamlıq və profilaktika müəssisələrinə putyovkalar almaq sahəsində mövcud imkanlardan istifadə etmək, habelə kollektivin ümumi yığıncağının (konfransının) qərarı ilə həm də başqa sosial xidmətlərdən və güzəştlərdən istifadə etmək hüququnu saxlayırlar.
Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların ixtiyarı var ki, kənardan yardıma və qulluğa ehtiyacı olan əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin, xüsusən tək əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin pensiyaları üzərinə öz vəsaitləri hesabına üstəlik və əlavə haqlar müəyyən etsinlər, habelə bu Qanunda nəzərdə tutulan başqa güzəştləri versinlər.

Maddə 49. Sosial yardımın maliyyələşdirilməsi mənbələri

Sosial yardım dövlət büdcəsinin və bələdiyyələr tərəfindən yerli büdcələrin vəsaiti, eləcə də dövlət büdcəsinə müəssisələrin, təşkilatların və vətəndaşların cərimələri və könüllü verdikləri ianə hesabına göstərilir.

VII. ƏLİLLƏRİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN İCTİMAİ TƏŞKİLATLARI

Maddə 50. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının yaradılması
Öz hüquqlarını və mənafelərini qorumaq, qarşılıqlı yardım və xidmət göstərmək məqsədilə əlillər və sağlamlıq imkanları məhdud uşaqlar və onları təmsil edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən qaydada ictimai təşkilatlar, o cümlədən müxtəlif fondlar yaratmaq hüququna malikdirlər.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının yaradılması, fəaliyyəti və ləğv edilməsi qaydası müvafiqqanunvericilik, bu təşkilatların müəyyən edilmiş qaydada qeydə alınan nizamnamələri ilə tənzimlənir.

Maddə 51. Dövlət və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları

Dövlət əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının hüquqlarına və qanuni mənafeyinə əməl olunmasını təmin edir və Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə yetirməsi üçün şərait yaradılmasına təminat verir, onlara hərtərəfli yardım göstərir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının fəaliyyətinə dövlət orqanlarının və vəzifəli şəxslərin qarışmasına yol verilmir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların, ictimai təşkilatlarının mənafeyinə toxunan məsələləri qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət orqanları və təsərrüfat təşkilatları əlillərin və sağlamlıq imkanları məhdud uşaqların müvafiq ictimai təşkilatlarının iştirakı və ya razılığı ilə həll edirlər.
Mətbuat, radio və televiziya əlillərin və sağlamlıq imkanları məhdud uşaqların həyatından bəhs edən xüsusi rubrika hazırlayır. Dövlət əlillər cəmiyyətlərinin mətbuat orqanlarının nəşrinə maliyyə yardımı və texniki yardım götərir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının yerli orqanları, habelə onların müəssisələrinin (birliklərinin), idarələrinin və təşkilatlarının əmək kollektivləri əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi məsələləri barəsində müvafiq icra hakimiyyəti orqanlarına təkliflər verə bilərlər.

Maddə 52. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarından haqq tutulması

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının məcburi dövlət sosial sığortasına cəlb olunması «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Əldə edilən gəlir bu cəmiyyətlərin maddi-texniki bazasının inkişafına və möhkəmləndirilməsinə, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial ehtiyaclarının ödənilməsinə yönəldilir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları mədəni-kütləvi, idman klubları, mədəniyyət evləri, kitabxanalar və s. yerləşən binalar üçün icarə haqqını ödəməkdən azad edilirlər.

Maddə 53. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının iqtisadi fəaliyyəti üçün şərait yaradılması

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların müəssisələrinin və ictimai təşkilatlarının maddi-texniki təminatı mərkəzləşdirilmiş respublika ehtiyatlarından həyata keçirilir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasıüçün nəzərdə tutulan müəssisələrin məhsulları (texniki vasitələr və qurğular) dövlət sifarişinə daxildir və maddi-texniki ehtiyatlarla birinci növbədə təmin edilir.
Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün obyektlər tikintisi maliyyələşdirmə mənbələrindən asılı olmayaraq dövlət sifarişi tikintilərinin siyahısına daxil edilir.

Maddə 54. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının vəsaiti hesabına tikilmiş yaşayış sahəsinin bölgüsü

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının öz vəsaiti hesabına, o cümlədən payçılıq yolu ilə tikdirdiyi yaşayış sahələri onların daimi mülkiyyəti olaraq geri alına bilməz və Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının təkliflərinə əsasən bölüşdürülür.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları mənzil tikintisində payçılıq qaydasında iştirak edərkən tikinti sənayesi qurğularının inkişafında və kommunal tikintidə payçılıq iştirakından, habelə yaşayış sahələrinin bir qismini müvafiq icra hakimiyyəti orqanlarına və başqa təşkilatlara verməkdən azad edilirlər.

Maddə 55. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının beynəlxalq əlaqələri

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları öz nizamnamələrinə müvafiq surətdə beynəlxalq (qeyri-hökumət) birliklərə daxil ola bilər, bir-başa beynəlxalq əlaqələr saxlaya bilər, müvafiq sazişlər bağlaya bilərlər.
Dövlət orqanları əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, mədəni əlaqələrin, turizmin və idmanın, o cümlədən əlillər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən olimpiya, paralimpiya, deflimpiya və xüsusi olimpiya, xoş məramlı və başqa beynəlxalq yarışların genişləndirilməsi məsələlərində beynəlxalq təşkilatların və xarici ölkələrin oxşar ictimai birləşmələri ilə əməkdaşlıq yaratmaqda və onu inkişaf etdirməkdə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına kömək edir, o cümlədən maliyyə yardımı göstərir.
Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar təşkilatlarının nümayəndə heyətinin xarici ölkələrə gedib-gəlmək üçün nəqliyyat vasitələrindən istifadəsi və xarici qonaqların respublika ərazisində mehmanxanalarda yerləşdirilməsi respublikada tədavüldə olan pul vahidi ilə ödənilir.
(çıxarılıb)
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY
Bakı şəhəri, 25 avqust 1992-ci il
№ 284

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir