Bəylər Həlimli

4

Bəylər Həlimli

“Döyüş tarixi” rubrikasının budəfəki qonağı 1992-94-cü illərdə Ağdərə, Xoramırt, Xındırıstan, Caynataq kimi məşhur ərazilərdə döyüş yolu keçmiş Bəylər Həlimlidir. İlk vaxtlar Daxili Qoşunlarda xidmət yolu keçən qazimiz Qarabağ savaşı başlayan ərəfədə könüllü olaraq ordu sıralarına yazılıb.

“Döyüş tarixi”niz necə başladı?

-Əvvəlcə deyim ki, müharibədən qabaq İsmayıllı rayonunda idman müəllimi və məşqçi işləyirdim. Cəbhə dövründə xalq hərəkatına qoşuldum. Yeni ailə qurmuşdum. Atamı da 9 yaşında itirmişəm. Evin böyüyü olaraq 3 ailəyə baxırdım. Öz ailəm, anam, bacım, 11 yaşlı qardaşım, həyat yoldaşım və Ağdamda komandir olan yeznəmin ailəsi. Belə bir çətin vəziyyətdə yaşamaq çətin idi. Ona görə də artıq 1992-ci ildə özümlə bacarmadım, DİN daxili qoşunların tərkibində ərizəmlə könüllü Qarabağa yollandım. Ağdamın Xındırıstanına, oradan da Fərrux dağının ətəyində yerləşən mövqeyə təyinat aldım. Daha sonra hərbi vəzifəmi layiqincə yerinə yetirdiyim üçün Xoramırt tağım komandiri kimi təyin oldum. Gizir kimi döyüşə başladım və qısa müddətdə Tabor komandirinin müavini təyin olundum. Tabeçiliyimdə Leytenant və Baş leytenantlar var idi. Yüksəkliklərdə adımı daşıyan rabitələr Bəylər, Bəylər -1, Bəylər -2 və Bəylər – 3 kimi adlandırılırdı. Ən yüksək hündürlük 969 m yüksəklikdə yerləşən Bəylər rabitə qovşağı idi. Həmin ərazilər Canyataq və Gülyataqda yerləşir.

Bəlkə bir çoxları bunlara inanmaya bilər, amma onlara sübut üçün deyə bilərəm ki, bunları təsdiq edən döyüşlər haqqında yazılmış kitablarda da öz əksini tapıb.

Döyüş uğurlarından da qısaca məlumat verərkən Bəylər Həlimli bunların onun şəxsi arxivinə qızıl hərflərlə yazıldığını qeyd edir:

Mənim döyüş uğurlarım çox olub. Hətta Pribaltika jurnalisti Tatyana Caladzede ermənilərdən və bizimkilərdən ən yaxşı döyüşənlərin şəkillərini çəkib öz ölkəsində jurnal nəşr etdirdi. “Karabax, vayna v licsax” adlı həmin jurnalda da şəklim yer alıb.

1992- 1994-cü illərdə döyüşsəm də, indi bunları yada saldıqca sanki dünən olmuş kimi xatırlayıram və eyni zamanda vücudum əsir.

Başım çox ağır və həyəcanlı hadisələrdən dinclik tapmayıb. Mən 3 dəfə mühasirədən çıxmışam. Onlardan birində isə tam ümidsiz şəkildə olmuşam. Lakin həmin mühasirədən sağ çıxmağın sanki möcüzə idi. Bacımın yoldaşı Tobor komandiri idi, döyüşlərin birində şəhid oldu, həmin vaxtı mən Ağdamın Qızılı Salahlı kəndində məktəb binasında Toborkomun birinci müavini idim. Ən ağrılı günlərim həm də Ağdərədə olub. Əsgərlər artıq çətinliyə dözə bilmirdi. Axı 18-19 yaşlı zəif uşaqlar bu cür çətinliyə necə dözəydi? Ayaqlarımızın altı yaş ayaqqabı geyinməkdən dərisi büzülüb soyulurdu. Buşlatlarımızın donu açılmırdı. Artıq əsgərlər özlərini vururdular ki, heç olmasa şikəst də olsa sağ qalsınlar. Cinayət işi qaldırmağa məcbur olurduq. Kiminin güllədən ayağı və ya qolu qırılırdı, digər əsgərlər ona deyirdilər ki, nə özünə əl qatmısan, xoşbəxt oldun, sağ evinə gedərsən. Yaralanan əsgər ağır yaralansa belə sevinirdi.

Bir faktı da qeyd edim ki, Füzuli rayonunu Araz qırağı düz Cocuq Mərcanlı Horadizə qədər biz azad etdik. Rəhmətlik “Qara polkovnik” ləqəbli Fətulla Hüseynovun rəhbərliyi ilə heç Milli ordu Harami ilə irəliləyə bilmədi. Bizi də güclə dayandırdılar. Ermənini qatmışdıq qabağımıza. Hətta 5 əsgərimiz səngərdən nə qədər çalışdıqsa da çıxmadılar ki, qumbaraatanla düşmən tankını vurmağa cəhd etdilər. Amma təəssüf ki, qumbaraatanın işə düşməməsi nəticəsində tank onların üstünə çıxıb əsgərlərimizi torpağa qatdı. İndi isə Böyük Bəhmənli kəndində həmin əsgərlərdən üçünün şərəfinə postament ucaldılıb.

Düşməndən qoruyan “KİTAB”

Müharibə dövründə sevinci, xoş anlarını da yadına salan qazi onlardan birini belə şərh edir: Bir dəfə Hacı Allahşükür Paşazadənin müavini Hacı Sabirin bizim olduğumuz Briqadaya gəldi. Bu zaman o ən yaxşı zabitə və ən yaxşı əsgərə o vaxtı çıxan qırmızı üzlü Quran kitabı bağışladı. Gizir olsam da həmin kitabdan mənə də verildi. Qurani-Kərim kitabı mənə veriləndə sanki o gündən mən elə bildim ki, mənə ikinci can verildi. Yəni ölməz oldum. 1980-ci illərdə “Elm və həyat” jurnalında oxumuşdum ki, bir rus snayperi Əfqanıstandakı döyüşdə əfqan əsgərini nə qədər nişan alıb atırsa, vura bilmir və bu həngamənin sonunda həmin snayperçi əfqanlara əsir düşür. Onu tutanda isə deyir ki, mənə nə edirsiz edin, amma bir sualıma cavab verin. Mən təcrübəli snayperçi olduğum halda bu adamı vura bilmədim. Bu nə sirdir? Dedilər ki, o əsgər əşya torbasında Quran, döyüşə isə Allahu-Əkbərlə gedir və onun qoruyanı var. Bundan sonra mən tam əmin oldum ki bu döyüşdə ölməyəcəm. Hətta mühasirəyə düşdüyüm anlarda belə öz-özümə əminliklə deyirdim ki, mənə heç nə olmayacaq. Ö qayğıma qalmaqdan əvvəl isə mən həmişə əsgərimin qayğısını çəkmişəm. Hətta onlara görə komandanlıqla mübahisəyə də qalxmışam. Komandanlıqda əsgərlərin bu qədər mənə etibar etmələrini və mənim də indiki vəziyyətimlə axmaq olduğumu, ölümdən qorxmadığımı görüb zabitlərin üzərinə komandir qoyurdular. İlk vaxtlar gizir olmuşam və gizir ola-ola Tobor komandirinin müavini 363 nəfər şəxsi heyətin komandir müavini olmuşam. Daha sonra tutduğum vəzifəyə görə qısa bir zamanda mənə rütbə verdilər. Hal-hazırda mayor rütbəsi daşıyıram.

-İndiki dövrdə, əsasən gənclərimizin vətənpərvərlik haqqında dünya görüşləri sizi qane edirmi?

-Gənclərimiz vətənpərvər ruhda böyüdülmür. Bunu deməyə mənim həm keçdiyim döyüş yolu, həm də pedaqoq olmağım əsas verir. Gənclərimizin idmanla məşğul olması üçün heç bir şərait yaradılmır. Oğullarımız sanki qız kimi zəif iradəyə və mənəvi psixoloji durumlarda inkişaf edir. Bir milləti məhv etmək üçün onu savadsızlaşdır və dilini əlindən al. Bu iki atribut bəs edər ki, bir milləti məhv edəsən. Biz məhz bu təhlükə ilə üz-üzə dayanmışıq.

-Bəs onda sizcə patriotizmi gənclərin şüurunda necə inkişaf etdirmək lazımdır. Başlıca olaraq bu sahədə hansı tədbirlərin görülməsinə ehtiyac var?

-Məktəblərdə hərbi dərslərin səviyyəsini yüksəltmək. İdman dərslərinə önəm vermək. Tez-tez yarışlar keçirmək, informasiyanı gücləndirmək lazımdır. Və ən başlıcası müharibə veteranlarına qayğının gənclərimizə aşılanmasını təmin etmək önəmli məsələdir. Əgər qazilərə və müharibə əlillərinə, şəhid ailələrinə göstərilən qayğı və diqqət zəifdirsə, gənclərimiz də bunu görür və təbii ki, mənəvi cəhətdən sınırlar. Mən həmişə demişəm ki, vallahi nə əfqan, nə də çeçen bizim əsgərlərin tozu ola bilməz. Onlar vətəninin, xalqının rifahı üçün canlarını fəda ediblər.

Rüfət Soltan

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir