Döyüş Tarixi

1

İcmal-2

Adalet.az-ın “Döyüş tarixi” rubrikasının bu günə qədərki qonaqlarının müsahibələrindən maraqlı hadisələri seçib sizə təqdim edirik. Rubrikamızda iştirak etmiş müsahiblərimiz arasında Veteran və Milli Qəhrəmanlar yer alıb.

Hər kəsin bir “Döyüş tarixi” var. Təbii ki, Qarabağ savaşında gəncliyini, ailəsini və həyatını arxada qoyub vuruşanlardan söhbət gedir. Xüsusən gənclərimiz yeni tarixin köhnə döyüşçüləri haqqında kifayət qədər məlumata sahib deyillər. Ən əsası da Qarabağda döyüşən qadın cəngavərlərimiz haqqında…

“Döyüş tarixi”rubrikasının qonaqlarından biri ilk dəfə qadın oldu. Onunla söhbət etdik. Maraqlı, maraqlı olduğu qədər də qürurverici hal idi ki, məhz AİŞA xanımın timsalında qadın döyüşçülərin qəhrəmanlıq səlnaməsini yazmağa çalışdıq.

11 yaşlı döyüşçü Aişa Seyfullayeva. Onu müharibədə Çiko ləqəbi ilə çağırırdılar. Aişaya bu ayamanı silahdaşı Alik verib. Dediyinə görə, məşhur İtaliya filmində bu addan istifadə olunub.

Çətin həyat mücadiləsi yaşamış bu qadın 11 yaşında müharibə meydanına doğru irəliləyib. Balaca Çiko ləqəbli Aişa Seyfullayeva bizimlə həmsöhbət olarkən həyatın vurduğu ağır zərbələri yüngül zərbələrlə örtməyə çalışırdı. Ancaq bu onda yaxşı alınmırdı, çünki “Anam 20 yanvar gecəsi qardaşıma görə şəhid oldu” ifadəsi nə onun özü üçün xoş səslənmirdi, nə də bizi dinləyənlər üçün. Onun həyatı təkcə anasını itirməklə bitmədi. Cəbhədə qardaşını və yaxın silahdaşlarını itirməyi həyatın ona vurduğu 11 yaşlı uşağın götürə bilməyəcəyi ağır qəhər yükü idi. Lakin əzmkarlığı və qətiyyəti ilə seçilən balaca qız bu günə kimi çox çətinliklərin öhdəsindən gəldiyini söyləyir. Bunu onun yoldaşlarının da dilindən eşitmək olardı.

Aişa xanım bir də o “Lənətlənmiş gödəkcə”sini xatırlayaq:

Çikonun ağır həyat hekayəsində müsahibimiz bir də qanlı gödəkcədən bəhs edirdi. Onu lənətlənmiş gödəkcə adlandırmışdılar. Çünki onun geyinən 7 fədai azadlıq və vətəni uğrunda şəhid olub.

“Uğur gətirmədi bizə, indi 24 ildir həmin gödəkcəni axtarıram. Mənim yaxın bir silahdaşım vardı – Üzeyir. Sonuncu dəfə həmin gödəkcə onda qaldı. İndi isə nə Üzeyiri tapa bilmişəm, nə də gödəkcəni”.

Anasına məxsus olan həmin gödəkcə ilk dəfə məhz elə Fəridə Abbasovanın əynində ikən qana bulandı. Daha sonra şəhid olan silahdaşları arasında qardaşı dediyi Samirdən həmin lənətlənmiş gödəkcədə növbəti qan ləkələri, bir də deşilmiş güllə izləri qaldı. Çiko deyir ki, sonuncu dəfə əsgər yoldaşım Üzeyir onu götürdü: “Üzeyirin bir xasiyyəti vardı, o ölmüş cəsədlərin üzərindən onlara məxsus olan bir əmanət götürməli idi. Adətən onun qəniməti sümüklər olurdu. Ona hətta Sümük yığan Üzeyir də deyirdik. Lənətlənmiş gödəkcə isə onun sonuncu qəniməti oldu. Aldı və getdi”.

Müsahibimin yanında onun “Dayday”ı Aman Əliyev də var idi. Dedi sənə Qarabağdan yazmaq lazımdırsa, bax əsl “Döyüş tarixi” bu insanla bağlıdır. O zaman söz vermişdim ki, növbəti qonağım “Dayday” olacaq. Elə də oldu.

“Döyüş tarixi”nin növbəti qonağı “dayday” ləqəbli Aman Əliyev idi. Ömrünün ağır günlərini keçirən “Qoca döyüşçü” Vətən müharibəsinə könüllü qatılıb. Gənclik illərini sovet dönəmində hərbi xidmətdə başa vurması da bir sıra dolayı, ağır hadisələrlə yadda qalıb. Ömrünün iki mövsümünü həbsdə keçirən Aman Əliyev ilk həbsini keçmiş sovet dövründə hələ ermənilərlə aramızda hər hansı konfliktin olmadığı 70-ci illərdə alıb. Müxtəlif millətlərin arasında hərbi xidmət dönəmində erməni əsgər yoldaşını vurduğuna görə 8 il həbs aldı. Lakin Ustinovun hakimiyyəti illərində bəraət alaraq 1 il həbsdə yatdıqdan sonra azadlığa buraxılıb. Daha sonra könüllü olaraq müharibəyə yollanan veteran ilk təxəllüsünü də qazandı. Yaşı və təcrübəsi çox olduğu üçün ona “Dayday” deyə müraciət etməyə başladılar. Beləliklə “dayday”ın döyüş tarixinin yeni səhifələri vərəqlənməyə başladı…

Yadımdadır ki, cəbhə yoldaşlarının dedikləri ilə razılaşmayan Aman Əliyev doğru-düzgün hərbi xidmət dövrü yaşamadığını deyib. Qazi könüllü yazıldığı batalyonda silah atmağı bilməyən sadə qulluqçu deyildi. Çünki döyüşə yollanmamışdan qabaq onun silahları öyrənməyə imkanı olmuşdu. Suraxanı rayonu hərbi komissarlığından yollanan qazi müharibə ərəfəsində narazı qaldığı tək amilin silah çatışmazlığı ilə bağlayır: “Mən ilk dəfə Tovuza yollananda orada silah tapmaq müşkül məsələ idi. Hətta hər altı əsgərə bir silah düşürdü. Orada çox qalmadım. Daha sonra bizi Ağcabədiyə göndərdilər. Orada 3 aylıq qarantində qaldığımız müddətdə belə, hətta silah üzü görmədik. Təbii ki, bu bizə çətinlik yaradırdı. Qarantində demək olar ki, heç bir iş görmürdük, bəziləri evləri yaxın olduğu üçün tez-tez evlərinə çıxıb gedirdi. Döyüş üçün stimul yaradan bir şərait mövcud olmasa da, bu, bizim əzmkarlığımızı və amalımızı tükədə bilməzdi. Səbir edənlər, necə deyərlər, istəklərinə nail oldu. Bizi artıq silahla təmin edib döyüş bölgəsinə göndərdilər. İlk tabor komandirim Dövlət Məmmədov bizi Qaraca kəndi istiqamətinə göndərdi”.

Necə olursa olsun, tarix öz-özünə yazılır. Heç kim onun qarşısına sədd qoya bilməz. Çünki bu qədərdir, döyüşçülərin qədəri…

Çikonun, “dayday”ın ətrafındakı cəbhə dostlarından bir də “Jiqan” oldu. “Döyüş tarixi” yazmış qazilərdəndir. Uşaqlığını, yeniyetməliyini və gənclik illərini ruslara və ermənilərə qarşı savaşa qurban verən bir insan əyləşib qarşımda. Onun adı Mahir Rzayevdir. Mahir Rzayevin söhbətimiz zamanı səmimi fikirlərə yer verdiyi diqqətdən yayınmırdı. Həmsöhbətim müsahibə zamanı belə bir fikir söyləmişdi: Yalan danışmayan qazinin çox üstünlükləri var. Döyüşçü bəzi nüanslara toxunmaya bilər, yetər ki, doğru hadisələri danışsın. Mən bunun tərəfdarıyam. Nə yaşamışamsa və nələr düşünürəmsə, o cümlədən vətənə qarşı nələr hiss edirəmsə, bu özünü büruzə verir. Tanıdığım bəzi döyüşçülərin mətbuatda səsləndirdiyi fikirlər bəzən məni təəccübləndirir. Axı qəhrəmanlığı olduğundan artıq şişirdərək ifadə etməyin kimə nə xeyri var?!

Mahir Rzayevin söylədiyi fikirlərin əslində nələrə işarə olduğu aydın olurdu…

Təbii ki, Mahir Rzayevin “Döyüş tarixi”ni oxuyanlar yaxşı bilir ki, hansı müdhiş hadisələrlə rastlaşıb. Lakin ictimaiyyətin marağına səbəb olan bir təşəbbüskarlığı yadda qalmışdı. Onun hazırda vətənə dayaq dura biləcək gənclərin hərbi hazırlığı ilə məşğul olması idi. Bu barədə danışanda mövzuya bu cür giriş etmişdi:

“Bu dəqiqə çağırış etsəm, yüzdən çox gənc mənim yanımda olar”. Qarabağ döyüşçüsü həmçinin Bakıda yeniyetmə və gənclərin hərbi hazırlıqları ilə də məşğul olur. Bu onun şəxsi təşəbbüsüdür. Həmin gənclərin kim olduğunu soruşanda isə cavab verdi ki, onlar gələcəyin əsgərləridir.

Aylıq veteran pulu hesabına bu təlimləri həyata keçirdiyini söyləyən 41 yaşlı döyüşçü bu işlə çoxdandır məşğul olduğunu söyləyib. Onun təmənnasız fəaliyyəti əslində insanda bəlkə də birmənalı qarşılanmayan bir təəssürat yarada bilər. Çünki Sumqayıtda yaşayan qazi 3 övlad atasıdır və çətin yaşayış şəraiti sürür. Veteranın bir neçə gün əvvəl sosial mediada dərc olunan mənzilinin isə insanı ürəkağrıdan bir mənzərə ilə qarşı-qarşıya qoyduğunu sezmək olardı. Belə bir şəraitdə dəfələrlə ön cəbhədə yerləşən hərbi hissələrə başa çəkib. Əsgərlərlə görüşüb və onların vətənpərvərlik hissini daha da yüksəltmək və onların heç də unudulmadığını xatırlatmaq naminə bu addımları atdığını söylədi veteran.

Döyüş tarixindən danışarkən qazi çətinliklərin təkcə savaş anındakı təhlükələrlə məhdudlaşdırmırdı. Onun sözlərinə görə, ilin bütün fəsillər əziyyətlərə qatlanan əsgərlər hətta dəfələrlə soyuq qış aylarındakı şaxtanın gətirdiyi ölüm təhlükəsi ilə üzləşiblər:

“Bunu ön cəbhədə xidmət edən gənc əsgərlərlə görüşlərimizdə də söyləmişəm. O dövrlərdə döyüşənlər yaxşı bilir ki, əsgərin çəkdiyi ən ağır əzab 20-25 il öncələrdə qalıb. Bizim soyuq qış dönəmində qarda sürünərkən islaq paltar və onun bədənimizə verdiyi soyuğun dəhşətli ağrılarında qurtulmaq üçün yerdə ilan rəqsi edirdik. Elə bir vəziyyətdə idik ki, düşmənin bizi nişan alan snayperləri və digər silahlıları bir neçə santimetrə möhtac qalıb yerdən qalxmağımızı gözləyirdilər…”

“Jiqan” ləqəbli qazinin veteran pulu ilə gənclərimizin hərbi hazırlığına çalışması onu sözsüz ki, digər döyüşçü yoldaşlarından fərqləndirən üstünlükdür deyə bilərəm. Vətənpərvər olmaq vaxtında döyüşüb indi danışmaqdan ibarət deyil, bəzən daxilindəki dərin hisslər səni yeni nəsil yetişdirməkdə əyani rol oynamağına təhrik edir.

Rubrika icmalının sonuncu mətnini də Rey Kərimoğluna həsr etməkdən qürur duyuram. Bu müsahibim də yazılarını çoxları oxuyub. Çünki bir jurnalist olaraq onun özü Qarabağ savaşından 20 il sonra “Döyüş Tarixi”ni qələmə almağa qərar verdi. Dövrü mətbuatda, eləcə də qəzetimizdə silsilə yazıları ilə çıxış edən Qarabağ qazisi, tanınmış jurnalist və ən əsası yazdığı xatirələrindən də kəsərli söz sahibi olan Rey Kərimoğlundan söhbət gedir. Rubrikamızın budəfəki qonağı ilə dəyərli söhbətlərimiz reallaşdı. Müsahibənin məğzindən yəqin ki, oxucularımız agahdır. Yəqin ki, bir çoxları mənimlə razılaşar ki, bu müsahibənin oxucular tərəfindən daha çox maraqla qarşılanan hissəsi “23 dekabr – sevgi gecəsi” olmuşdu:

Dekabrın 23-də Bakıda yaşayan sevdiyim qızın doğum günüydü. Hər dəfə ya Bakıya gedər, ya da telefonla danışardım onunla. Amma indi nə gedə, nə də zəng edə bilirdim. Uşaqlar vəziyyəti anlamışdılar, amma neyləmək olardı. Axşamçağı uşaqlardan kimsə dedi ki, Bakı ilə, Ağdamla əlaqə saxlamaq üçün Əmralılarda bir Ağdam nömrəsi var. Yəni sifariş verib Bakı ilə danışmaq olar. Ancaq bilmir işləyir, ya yox. Telefon, səhv etmirəmsə, kənd sovetinin binasında idi.

Gedib o telefonu tapdıq, tərslikdən işləmirdi. Ermənilər kəndi top, raket və güllə atəşinə tutanda naqillərin xeyli hissəsi qırılıb sırandan çıxmışdı. Uşaqlar təklif elədilər ki, gəlin qırılmış naqilləri birləşdirək. Tez kənddə bu işə baxan bir nəfər də tapdılar. Bir sözlə, posta dayanmayan bütün döyüşçü dostlarım bu prosesə qoşuldu. Gecə 12-yə işləmiş telefon artıq hazır idi.

Bakını sifariş verdik: 25 10 41… Özümüz də inanmırdıq. Telefon çağırırdı. İndi də o səs qulaqlarımdadır. Di gəl, götürən yox idi. Öz-özümə dilxor oldum, bu qız niyə götürmür!? Bilmirmi ki, mən zəng edəcəm? Aha, budur dəstəyi götürdülər. Qalın və amiranə bir kişi səsi dəstəyin o başından “alo” dedi. Atası idi! Səsimi çıxarmadım.

Bu vaxt telefonçu qızın səsi gəldi, “ay qardaş, sifariş vermisən, danış də!” Heç nə demədim, sakitcə dəstəyi asdım. Uşaqlar başıma yığışdılar:

- Ə, nooldu?

– O deyildi! – astadan dilləndim.

Yenidən Bakını sifariş verdim! Telefonçu qız məni və nömrəni tanıyıb dedi:

– Ay rəhmətliyin oğlu, zorla düşmüşdük Bakıya, sən də danışmadın. Niyə danışmadın axı?

Yenə susdum. Axı mən onu necə başa salaydım?

Bu dəfə də düşdük Bakıya. Yenə atası götürdü:

– Alo!

Uşaqlar hərəsi bir tərəfdən düşdü üstümə ki, qorxma, danış! Zarafat deyil, o qədər əziyyət çəkmişdik. Ürəkləndim!

– Salam, axşamınız xeyir, Nahidəni olar?

– Sən kimsən? Neynirsən Nahidəni?

– Reyəm! Ad gününü təbrik edəcəm…

Sözüm ağzımda qaldı:

– Bir də bura zəng eləmə, avaranın biri avara! Duud, duud, duud…

Artıq öldü var, döndü yoxdu!

Təkrar sifariş verdim. Bu dəfə telefonçu qız heç bir sual vermədi, deyəsən, danışığımızı eşidib, məsələnin nə yerdə olduğunu anlamışdı.

– Alo… – bu dəfə özü götürmüşdü, ürəyim əsdi…

Dəstəkdən bir də səsi gəldi:

– Alooo! – Mənəm! Ad günün mübarək!

– Səhv düşübsüz…

Və yenə dəstək asıldı.

Uşaqlar dil-boğaza qoymurdu:

– Nooldu?

– O idi?

– Nə dedi?

– Heç nə, – dedim sakitcə. – Heç nə demədi.

O gecə Nahidəni yuxuda görmədim…

Rüfət Soltan

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir