Çempion

12465900_968828633184761_2880934637882700322_o

Fariz  Kərimli

İlk müsahibim Boccia idman növündə Azərbaycan çempionu olan, 1-ci qrup əlil, Şair Fariz Kərimlidir.

 

  • Salam Fariz.
  • Salam
  • Özünü necə hiss edirsən ?
  • Yaxşıyam. Bundan da yaxşı olacağıma inanıram. (gülümsünür)
  • Fariz kərimlini yaxından tanıyaq.
  • 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. Təhsilimi 219 nömrəli Məktəbdə almışam. Xəstələyimlə əlaqədar təhsilimə 10 yaşımdan etibarən və 3-cü sinifdən başlamışam. Müəllimlər mənə dərs demək üçün evə gəlirdilər.
  • Bizə xəstəliyiniz barədə məlumat verin. Xəstəliyiniz nədir və sizdə hansı fəsadlar yaradır ?
  • Anadan sağlam doğulmuşam. 3 yaşım olanda boğazımda yaranan Angina səbəbindən bu xəstəliyiə tutulmuşam. Məsuliyyətsiz və təcrübəsiz sahə həkimimiz səhf müalicə tətbiq etdiyinə görə məndə “revmatoloji polyatrit” yarandı. Sonradan bədənim deformasiyaya uğrmağa başladı və əl və ayaqlarım yığılmağa başladı. İlk əvvəllər Raida Aleksandrovna adlı Yəhudi həkim məni müalicə edərək qismən sağaltmışdı. Lakin sonradan o İsrailə getdikdən sonra bədənimdə yenidən fəsadlar yaranmağa başladı və getdikcə pisləşdim. Bu yaxınlarda isə məlum oldu ki, məndə böyrək çatışmamazlığı da yaranıb.
  • Bildiyim qədəriylə sənin təcili olaraq müalicəyə eytiyacın var.
  • Bəli. Tamamilə doğrudur. Böyrəyimdə yaranan problemlər bütün bədənimə təsir edir və tezliklə müalicə olunmasam çox ciddi fəsadlara səbəb olacaq. Bu müalicə üçün mənə 5000 manat məbləğində pul lazımdır. Ümid edirəm yardımsevər, xeyirxah şəxslər bu işdə mənə dəstək olacaqlar.
  • İnşallah. Çox gözəl şe`rlərin var.
  • Şe`r yazmağa məktəb illərindən başlamışam. Ilk əvvəl bu istəyimə ciddi yanaşmırdılar. Amma mən geri çəkilmədim və yazmağa davam etdim. İlk əvvəl yazdıqlarımı cırıb-tullayırdım. Sonralar isə yazdıqlarımı saxlamağa başladım və bir müddət sonra isə anama kitab çap etdirmək istədiyimi bildirdim. Kitabın adını “Mənim acı taleyim” qoymaq istəyirdim. Nəhayət 2012-ci ildə arzuma çatdım və kitabım çapdan çıxdı. Maraqlı təqdimat da etdik. O günlər mənim ən sevincli günlərim idi.
  • Məndə olan məlumata görə roman da yazırsan. Bir az bu haqda danış.
  • Bəli. Dedektiv janrında yazıram.
  • Çingiz Abdullayevlə dostsunuz.
  • Bir gün “Ali və Nino” kitab mağazasında olarkən Nigar xanımla görüşdüm və görüş zamanı “İmza günü” təşkil etmək istədiyimi bildirdim. O, isə təklif etdi ki bunu Çingiz Abdullayevin iştirakı ilə edim və onun telefon nömrəsini mənə verdi. Zəngimə cavb verəcəyinə ümidim olmasa da zəng vurdum. Gözlədiyimin əksinə olaraq telefona dərhal cavab verdi. Utana-utana özümü təqdim etdim və mənimlə çox səmimi danışdı. Sonra görüşünə getdim və kitabımı ona hədiyyə etdim. Beləcə aramızda münasibət yarandı. Çingiz müəllim həm yazdığı kitablarıyla, həmi də insani keyfiyətləriylə böyük hörmət qazanan şəxsiyyətdir. Hərdən özüm-özümdən soruşaram ki, “Görəsən Çingiz Abdullayev kimi ola bilərəmmi ?” O, mənim idealımdır.
  • Bu günə qədər neçə kitabın çap edilib ?
  • Hələlik cəmi bir kitabım çap olunub. “Mənim acı taleyim” adlı şeirlər toplusu. 2 kitabım isə çap olunmaq üçün hazır vəziyətdədi. Bunlardan biri “Münsiflər heyyətinin cənabları” adlı dedektiv romandı. Ikincisinə isə hələ ad qoymamışam.
  • Sən gözəl yazıçı və peşəkar idmançısan. Bəs bütün bunlardan əlavə, Fariz Kərimli daha hansı işlə məşğul olur ?
  • Kompyüterdə dizayn proqramlarını öyrənirəm. Bu işə böyük həvəsim var və bilirəm ki bu işdə də uğurlu nailiyətlər qazanacam.
  • Fariz Kərimli boş vaxtlarını necə keçirdir ?
  • Boş vaxtlarımı əsasən gəzintidə və dostlarla görüşdə keçirdirəm. Boş vaxt tapan kimi mütləq gəzintiyə çıxıram
  • Necə oldu ki səndə Boccia idman növünə maraq yarandı və bu idman növü ilə məşğul olmağa başladın ?
  • Mən Ramanada, “Əlillərin Peşə Reabilitasiya Mərkəzi”ndə olanda, orda qərara aldılar ki Boccia idman növü yaradılsın. Məşqçiliyi isə Vaqif müəllimə tapşırdılar. Bu idman növü ilə ilk məşğul olanlardan biri də mən idim. Boccia strateji oyundu və bu oyunda hər şey beynin gücü ilə həll edilir. Ilk “Seni Cup” turniri 2014-cü il Dekabr ayında keçirildi və mən həmən turnirdə 3-cü yeri tutdum. Sonra Paraolimpiya Komitəsində belə qərara gəldilər ki bizi İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq turnirə göndərsinlər. Turnir bizim üçün o qədər də uğurlu keçmədi. İlk beynəlxalq yarışın həyacanı və təcrübəsizlik bu yarışdan yüksək nəticə ilə dönməyimizə mane oldu. Turnirdə avropanın 10 ən yaxşı Boccia komandaları da iştirak edirdi və yüksək səviyyəli bir turnir idi. Sonradan bu idman növündə durğunluq başladı. Təqribən 4-5 ay fasilə yarandı. Mən isə dayanmadım və Vaqif müəllimin rəhbərliyi altında Uşaq Paraolimpiya Komitəsində məşqləri davam etdirdim. Bəzən mənə irad tuturdular ki “Niyə özünə əziyyət verib məşq eliyirsən ? Onzus da bu idman növü Azərbaycanda olmayacaq” Lakin mən bu deyilənlərə fikir vermirdim və nə zamansa çempion olacağıma inanırdım. 2015-ci il Oktyabr ayının sonlarına yaxın gəlib bizə bildidilər ki, hazırlaşın. Dekabrın 18-i 2-ci “Seni Cup” turniri keçiriləcək. Mən isə çoxdan hazır idim. Təbii ki bu hazırlıq mənə asan başa gəlməmişdi. Elə olurdu ki soyunub-geyinmə otağında məşq etməyə məcbur qalırdım. Böyrək çatışmamazlığı ucbatından məndə yaranan problemlər də mənə çox mane olurdu. Lakin mən inanırdım. Inanırdım ki bir gün mütləq çempion olacam.
  • Gəl, elə çempion olduğun turnir barədə danışaq
  • Yarış günü çox həyacanlı idim. Üzərimdə böyük məsuliyyət və təzyiq var idi. Yalnız və yalnız çempion olmaq barədə düşünürdüm. əgər 2-ci və ya 3-cü yeri tutsaydım bundan imtina edəcəkdim. Ya çempionluq, ya da heç nə. Qrupdakı yarışdan 2 qələbə və bir məğlubiyyətlə növbəti mərhələyə keçdim. 1/4 və yarımfinal mərhələlərini də uğurla keçərək finala yüksəldim. Finaldakı rəqibim Xəyal adlı bir nəfər idi. Təəssüf ki soyadını unutmuşam. Final oyununda müəyyən qədər haqsızlıqla da qarşılaşdım. Bilirsinizmı ? Boccia idman növündə belə bir qayda var. Protokol qaydalarına əsasən hər bir oyunçu öz topu ilə oynamalıdı. əgər kimsə rəqibin topu ilə oynamaq istəsə bu barədə əvvəlcədən rəqibin özündən və ya komanda rəhbərliyindən icazə almalıdır və yalnız rəqib icazə verdikdə onun topu ilə oynamaq olar. Lakin final oyununda mənim və məşqçimin razılığı olmadan bizim toplardan istifadə etməyə çalışdılar və buna görə mübahisə yarandı. Lakin bütün bunlara baxmayaraq mən final görüşünü çox yüksək səviyyədə keçirtdim və çempion oldun. Xəyal çox gözəl mübarizə aparırdı və əsl finala layiq oyun oldu. Oyunun gedişində 0:2 geri düşsəm də sonradan daha dəqiq oynamağa başlayaraq hesabı xeyrimə dəyişə bildim və yekun nəticədə 5:4 hesabı ilə qalib gəldim. O an içimdə sevinc qarışıq bir qürur hissi var idi. Öz-özümə pıçıldadım “Nəhayət ki bitdi” Aylarla sürən yorucu məşq və 5 saatdan çox çəkən marafon boyunca apardığım gərgin mübarizələr artıq arxada qalmışdı və mən qarşıma qoyduğum məqsədə çataraq çempion olmuşdum. Bu sadəcə möhtəşəm idi.
  • Bu idman növü ilə məşğul olmaq istəyən əlilliyi olan insanlar nəyə diqqət etməlidirlər ?
  • Bu idman növünün ən birinci qanunu nizam-intizamlı olmaqdır. Hər dəfə topu atarkən səbrli olmalı və 2 dəfə düşündükdən sonra qərar verməlisən. Səbrlə və ağılla hərəkət etməlisən. Əgər sən özünü dilənçi kimi görsən, dilənçi olacaqsan. Əgər özünü çempion kimi görsən, çempion olacaqsan. Bu idman növü ilə məşğul olmağa başlamamışdan əvvəl psixaloji olaraq özünü buna hazırlamalısan və nə olmaq istədiyini dəqiq müəyyən etməlisən.
  • Fariz kərimlinin gələcək barədə planların nədi ? Əgər sirr deyilsə.
  • Plansız insan, plansız həyat yoxdu. Mənim də gələcəklə bağlı çoxlu planlarım arzularım var. Ən böyük arzularım isə dünyanın ən yaxşı oyunçusu və məhşur bir yazıçı olmaqdır.
  • Gələcəkdə özünü yeni bir sahədə sınamaq istəyirsənmi ?
  • Bəli. Gələcəkdə ticarətlə məşğul olmağı düşünürəm.
  • Son olaraq əlilliyi olan insanlara nə demək istəyərdin ?
  • Əlilliyi olan insanlara demək istəyərdim ki, heç olmasa bu vəziyətdə bir-bnirinizin paxıllığını çəkmiyin. Ən əsası da özünüzü inkşaf etdirməyə çalışın. Belə bir deyim var ki, “Çempion olmur. Çempion doğulur” Mən bununla razı deyiləm. Insan hər hansısa bir məqsədə çatmaq, hər hansısa bir səviyyə yüksəlmək üçün öz üzərində işləməli, hansısa çətinliklərdən keçməli və müəyyən nailiyyətlər qazanmalıdır. yalnız bundan sonra öz hədəfinə çata bilər.
  • org saytına müsahibə verdiyin üçün sənə təşəkkürümü bildirirəm. Sənə yazıçılıq fəaliyyətində, idman sahəsində və ümumiyyətlə həyatda uğurlar arzulayıram.
  • Mən də sizə təşəkkür edirəm. Çox şadam ki saytın ilk müsahibi mən oldum.

Samir  İmanov

10346916_666744783393149_2077050580_n

12654582_989809061086718_5401668970146124905_n

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir