“miasteniya” xəstəliyi

miasteniya

İlkin tanışlıq

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya (“əzələ zəifliyi” anlamını verir) xəstəliyi də bu siyahıya aiddir.
Miasteniya xəstəliyinin kliniki təsviri ilk dəfə ingilis Tomas Uillis tərəfindən 1672-ci ildə verilib. Miasteniyada antitel ilk dəfə 1960-cı ildə qeydə alınıb. Bundan sonra dovşanlar üzərində aparılan araşdırma miasteniyanın autoimmun mənşəyini qəti şəkildə təsdiq edib.
Bəzi məlumatlara görə, hər 100 000 nəfərdən 10-u bu xəstəlikdən əziyyət çəkir. Mütəxəssislərə görə, bu xəstəliyin müalicəsi yalnız həkimin peşəkarlığından asılı deyil, xəstə də məsuliyyətli olmalıdır.
Risk qrupu
Miasteniya gənclər arasında – 20 yaşdan 40 yaşadək olanlar arasında yayılır. Daha çox qadınlar bu xəstəlikdən əziyyət çəkirlər. Rəsmi tibbi statistikaya görə, qadınlar bu azara kişilərlə müqayisədə 3:1 nisbətində tutulurlar.
Lakin yaşlandıqca kişilər qadınlara çatır və eyni səviyyədə (1:1) xəstələnirlər. Əgər 20-40 yaşlarında miasteniyanın ağır forması ilə daha çox qadınlar xəstələnirlərsə, 60 yaşdan sonra vəziyyət dəyişir, kişilər önə çıxırlar.
İmmunitetin səhvi
Miasteniya – immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir. Autoimmun xəstəliklərdə immunitet öz toxumalarına qeyri-düzgün, səhv reaksiya verir.
Mexanizmi “yatmış” genlərin oyanması işə salır. Onları isə stress, kəskin respirator xəstəlikləri kimi azarlar fəallaşdırır, çünki bu xəstəliklər immun sistemini poza bilirlər. Onlarsa öz növbələrində öz orqanizminin hüceyrələrinə qarşı antitel hazırlayırlar.
Miasteniya xəstəliyi üçün skelet əzələlərinin patoloji, tez bir zamanda yorulması xarakterikdir. Məsələn, adi halda ağır fiziki işdən sonra miasteniya güclənə, istirahətdən sonra isə əzələ zəifliyi azala bilər.
Güman edilir ki, miasteniyanın qadınlar arasında geniş yayılmasının səbəbi onların özünəməxsus immuni sistemləri ilə bağlıdır. Zərif cinsdə bu xəstəlik doğuş yaşlarında başlayır. Hamiləlik isə autoimmun xəstəliklərdə təhrikedici faktordur. Çünki bu zaman qadının orqanizmində hormonal və immun sistemi dəyişiklikləri baş verir.
Simptomları
Miasteniyanın bir neçə forması var: göz, bulbar, ümumi və s. formalar.
Miasteniyanın əlamətləri çox “adi”dir: səhər yuxudan duranda göz çətinliklə açılır, təngnəfəslik özünü göstərir, ayaqlar ağrıyır, qollarsa tez yorulur. Axşam zamanı ağrılar səhərə nisbətən daha da artır. Bundan başqa, səs sanki “burundan çıxır”, sözlər çətinliklə deyilir və udqunmaq ağır işə çevrilir.
Ekspertlər miasteniyanın diaqnozunun çətin qoyulduğunu qeyd edirlər, belə ki, o, “dar ixtisaslaşmış” azar sayılır. Əslində, mahir həkim üçün xəstəliyin diaqnozunu qoymaq çətin iş deyil. Lakin hər sahə həkimi daimi axşam yorğunluğundan danışan xəstənin şikayətlərinə adekvat reaksiya verə bilərmi? Vermirsə, vaxt itirilir və xəstəlik dərinləşir…
Miasteniyanın diaqnozu bir sıra həkimlər üçün problem kimi görünsə də, xəstəliyin müəyyən edilməsi üçün dəqiq testlər var. Məsələn prozerin (sintetik preparatdır – əsəb-əzələ sistemini yaxşılaşdırır) sınağı kimi. Xüsuilə də əgər pasiyent səhər zəifliyindən, gözlərindəki yorğunluqdan şikayətlənirsə, bu sınaqla xəstəliyi təyin etmək olur.
Xəstəliyin inkişafı bir qayda olaraq məhz göz qapaqlarının işinin pozulması ilə başlayır. Vaxt keçdikcə ptoz (yuxarı göz qapağının sallanması) daha da güclənir.
Daha sonra çeynəmə əzələləri yorulur, udqunmaq çətinləşir. Və nəhayət, bədənin eninəzolaqlı əzələləri – bizim hərəkətimizə cavabdeh olan əl, ayaq və üz əzələləri əziyyət çəkməyə başlayırlar. Miasteniya xəstəsinin yerişi dəyişir. Yeri gəlmişkən, xəstələrə əsəbləşmək ziyanlıdır, çünki döş qəfəsində və nəfəs yollarında ağrıya səbəb olur.
Miasteniya həm anadangəlmə, həm də sonradan qazanılmış olur. Anadangəlmə miasteniyanın səbəbi genlərdəki əsəb-əzələ sinapsının (əsəb-əzələ hüceyrələrinin xüsusi təmas, birləşmə zonası) qurulmasına və işinə cavabdeh olan müxtəlif zülalların mutasiyaya uğraması ilə bağlıdır.
Müalicəsi
Əvvəllər miasteniya yüksək letal sonucu (ölüm halları 30-40% olurdu) olan ağır xəstəlik sayılırdı. Lakin müasir daqnostika və müalicə metodları sayəsində letallıq minimaldır – 1%-dən azdır.
Müalicə ilə 80% tam və natamam remissiyaya (xəstəliyin əlamətlərinin zəiflədilməsi və ya tam yox olması) nail olunur.
Lakin unutmamaq lazımdır ki, miasteniya mahiyyəti etibarı ilə xroniki xəstəlikdir və ciddi və hərtərəfli müşahidə və müalicə tələb edir. Yəni xəstə mütəxəssis həkimin daimi nəzarəti altında olmalı və onun bütün tapşırıqlarına əməl etməlidir.

Xəstəlik dərman preparatları ilə müalicə edilir. Miasteniyanın yüngül hallarında kalium dərmanları yazılır, xəstəliyin ağır hallarında isə xəstə qlükokortikoid preparatları qəbul edir.
Müalicədə yardımçı faktorlar -plazmaferez (qanun təmizlənməsi), immunoqlobulin qəbulu da böyük rol oynayır.
Miasteniya xəstəsi bərk yadda saxlamalıdır ki, bu xəstəlik xeyli əks göstəriciləri olan azardır. Həkim bir şeyə “yox” deyirsə, demək o şey qəti olmaz. Məsələn, alkoqol qəti qadağandır, gün altında qaralmaq olmaz.
Bundan başqa, miasteniyada qadağandır:
– həddən artıq ağır fiziki iş;
– maqnezium dərmanları (maqnezium, panangin, asparkam);
-sidikqovucular (veroşpiron və digər spironolaktonlardan başqa);
-antibiotiklər;
– neyroleptikilər vəi trankvilizatorlar (qrandaksindən başqa);
– aminoqlikozidlər (qentamisin, streptomisin, neomisin, kanamisin, monomisin, tobramisin,
sizomisin, amikasin, didezoksikanamisin-V, netilmisin);
– ftorxinolonlar (enoksasin, norfloksasin, siprofloksasin, ofloksasin, fleroksasin;
lomefloksasin, sparfloksasin)
– ftorlu kortikosteroidlər (deksametazon, deksazon, polkortolon);
– D-penisillamin.
Miasteniyalı həyatda başlıca şərt məsuliyyətdir. Xəstə öz bədənini gözləməli, dərman kursuna əməl etməli. Hər bir halda miasteniya ilə yalnız və sadəcə mövcud olmaq deyil, tam bir həyat da yaşamaq olar. Bunun üçün sağlam həyat tərzi keçirmək, əhval-ruhiyyənizi nəzarət altında saxlamaq lazımdır.
Bu qayda əslində, yalnız miasteniyaya aid deyil, bütün xəstəliklər üçün vacib şərtdir.

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir