Serebral iflic

inme-felç

İlkin tanışlıq

İflic — beyin və, onurğa beynin mərkəzi və periferik sinir sisteminin hərəki mərkəzlərinin zədələnməsi nəticəsində iradi hərəkətlərin itməsi. Uşaq serebral iflici termini ilk dəfə 1893-cü ildə psixoanalitik  Ziqmund Freyd tərəfindən təklif edilmişdir. Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır. Beynin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan  simptomların ifadə dərəcəsi də müxtəlif olur: yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran  zədələnmələrə qədər. Bu uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri,  görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər. Baxmayaraq ki, serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq kimi təəsurat yaradır, bu heç də həmişə həqiqətə uyğun olmur. Serebral iflic irsi xəstəlik deyil və bilavasitə uşaq ölümünün səbəbi olmur, lakin ömrünün  qısalmasına gətirib çıxara bilər. Bir-birindən fərqlənən iflic və parez forması var. Parez zamanı hərəki funksiyalar qalır, lakin zəif olur. Səbəbi qan dövranının pozulması, iltihabi proseslər, travmalar, sinir sistemində şiş olması və s.-dir. Əzələlərin iltihabında, sümük-oynaq aparatının zədələnməsində də hərəkət nisbətən məhdudlaşdığı üçün belə xəstəlikləri iflicdən fərqləndirmək lazımdır. İflicin bir neçə tipi məlum-dur: monoplekiya (bir qolun, yaxud bir ayağın iflici), hemiplekiya (bədənin bir tərəfində hərəkətin məhdudluğu), tetraplekiya (qolun və ayağın tam hərəkətsizliyi), paraplekiya (hər iki qolun, yaxud hər iki ayaqın iflici). Hərəki neyronun mərkəzi, yaxud periferik şöbələrinin pozulması müxtəlif xassəli ifliclərin baş verməsinə səbəb olur. Periferik neyronun pozulmasından periferik, süst atrofik iflic baş verir. Bu zaman vətər və sümüküstlüyü refleksləri, əzələ tonusu azalır, yaxud tamamilə itir. Əzələlərdə atrofiya müşahidə olunur, elektrikkeçirmə qabiliyyəti pozulur. Mərkəzi neyronun pozulması mərkəzi, yaxud spastik xarakterli iflic törədir. Nəticədə ətraflarda vətər və sümüküstlüyü reflekslər artır, patoloji və müdafiə refleksləri meydana çıxır, dəri refleksləri itir, müştərək hərəkətlər (siikineziyalar) müşahidə olunur, əzələ tonusu yüksəlir. Beyin qabıqaltı quruluşun zədələnməsindən ekstrapiramid iflic törənir. Bu zaman avtomatlaşmış hərəkətlər itir, iradi hərəkətlər mümkün olmur. Diaqnoz qoymaq üçün elektromioqrafiya və başqa müayinə üsullarından istifadə edilir. Serebral iflicə oxşar vəziyyətlər istənilən yaşda keçirilmiş infeksion xəstəlikdən, insultdan və yaxud kəllə-beyin travmasından  sonra əmələ gələ bilər. Ziqmund Freyd tərəfindən təklif edilmiş nəzəriyyəyə görə uşaqda beynin zədələnməsi bətndaxili dövrdə baş verir. Digər alim – Uilyam Littl isə israr edirdi ki, zədələnmə doğuş prosesində baş verir və serebral iflic doğuş zamanı uşağın beynində oksigenin çatışmamazlığının nəticəsi olur.

  • Serebral iflicin formaları

 

USİ-nin klassifikasiyası hərəkət pozğunluqlarının xarakterinə və zədələnmənin əhatə dairəsinə əsaslanır. Bu pozğunluqların aşağıdakı qrupları  ayırd edilir:

Spastiklik – əzələ tonusunun yüksəlməsi

– Monoplegiya - bir ətrafda təzahür olunan zədələnmə

– Hemiplegiya – bədənin birtərəfli zədələnməsi, əsasən bətndaxili olur, çox vaxt görmə, eşitmə, lamisə kimi funksiyaların və qavramanın pozulması da müşahidə olunur.

– Diplegiya  – (Littl sindromu) – hər iki ətrafda,ya yuxarı, ya aşağı ətraflarda təzahür olunan zədələnmə; adətən aşağı ətraflarda daha çox təzahür edir.

– Tetraplegiya – yuxarı və aşağı ətrafların ağır iflici; bu uşaqların əksəriyyətində dərin əqli gerilik, epilepsiya və zəif görmə müşahidə olunur, ciddi inkişaf ləngiməsi ilə müşaiyət olunur.

          70-80%  hal tetraplegiya larda spastik formaya rast gəlinir.

  • Diskineziya – ətrafların, bədənin, üz əzələlərinin, dilin və udlağın qeyri-iradi, davamlı, əlaqələndirilməmiş müxtəlif hərəkətləri. Yuxu zamanı bu hərəkətlər müşahidə olunmur.
  • Ataksiya (atonik-astatik forma) – tez-tez yıxılma ilə müşayiət olunan muvazinətin pozulması
  • Qarışıq forma

      Persepsiv (anlama) pozğunluqlar – çox zaman serebral iflic hissiyat orqanlarının funksiyasının pozulması ilə müşaiyət olunur. Görmə, eşitmə, lamisə vasitəsilə duyma qabiliyyəti normal olsa da, bu hisslərin düzgün izah etmə qabiliyyəti olmur. Belə uşaqlarda  təhrif edilmiş qavrama qeyd olunur: məs. gözüyumlu vəziyyətdə onlar ətraflarını kontrol etməyi bacarmırlar, bədənlərinin ölçülərini, hüdüdlarını anlaya bilmirlər,  şəkil ilə reallıqda olanı bənzətmək qabiliyyəti, əşyaların məkanda vəziyyətinin, onların arasında olan məsafənin və yerinin anlamasında çətinlik çəkirlər.

İflicin əsas əlamətləri:

  1. Yuxululuq, fikri dağınıqlığı
  2. Eşitmədə problemlər
  3. Dad hissetmədə problemlər
  4. Toxunuş və ya ağrı hiss etməmə
  5. Lənglik, natarazlıq
  6. Yaddaşın itməsi
  7. Udqunarkən çətinliklərin yaşanması
  8. Başgicəllənmə
  9. Koordinasiyanın itirilməsi
  10. Üz, əl və ayaq əzələlərinin zəifləməsi
  11. Bədənin hər hansı bir hissəsinin keyiməsi
  12. Görmə və qavrama problemləri

 

          Müalicə

Sözün əsl mənasında uşaq serebral iflici müalicəyə tabe olmur, lakin bu o demək deyil ki, belə uşaqlara kömək etmək qeyri-mümkündür. Yeni doğulmuş uşağın beyni bu  zədələnmənin kompensasiyası üçün çox böyük potensiala malik olur. Buna görə də problemin erkən müəyyənləşdirilməsinin əhəmiyyəti çox böyükdür. Körpənin beyni çox plastikdir və  gərgin, davamlı Fizioterapiya ve Reabilitasiya apardıqda hətta ağır formalı serebral iflici olan uşaqlar belə gözəl nəticələr göstərə bilər. İflici törədən səbəbləri aradan qaldırmaq, ətrafların funksiyasının bərpası üçün xüsusi müalicə üsullarından (masaj, bədən tarbiyəsi və s.) istifadə etmək lazımdır.

 

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir