“Yes”

maxresdefault

“YES”

Mobil telefonların ölkəmizdə yeni-yeni populyarlıq qazanan vaxtları idi. Yeni deyəndə ki, böyük olduğuna görə “Qozqıran”, ”Milçəköldürən”, ”Kotletçevirən” kimi məzəli ləqəblərlə tanınan “Ericsson” A1018, GH688 model telefonların 14-15 “şirvana” satılan vaxtlar idi.

Dövrün ən böyük prestijlərindən biri də kəmərə taxılan telefon qabı idi. Yaşından asılı olmayaraq telefon işlədən bütün bəylərin kəmərində telefon qabına rast gəlmək mümkün idi. Hətda idman stilində geyinməyi sevənlər belə telefon qabını kəmərə taxmaq üçün şalvar geyinməyə başlamışdılar.

O dövrlər şəbəkə tutmaq da müəyyən qədər çətin idi. Zəng vurmaq üçün çox zaman eyvana çıxmağa məcbur qalırdıq. Bəzən elə olurdu ki otağın bir tərəfində şəbəkə olurdu, digər tərəfində yox. Hərdən telefonu evin içində gəzdirirdik və harda şəbəkə tuturdusa orda saxlayıb, qulağımızı telefona yaxınlaşdırırdıq.

O zamanlar 1 “Şirvan”a cəmi 60 kontur satırdılar deyə heç kimlə ürək dolusu danışa bilmirdik. Cəmi 7-8 kontura bütöv bir mövzunu qarşı tərəfə izah etməyi öyrənmişdik.

Konturun bahalı və telefonun menyusu zəngin olmadığı üçün ən böyük əyləncəmiz el arasında “vızv atmaq” kimi tanınan qısa zəng etmək idi. Zəng edirdik və ilk 1-2 çağırışdan sonra tez-tələsik “No” düyməsinə basırdıq ki qarşı tərəf konturumuzu “tuta” bilməsin. Telefon aldıqdan sonra ən çox qısa zəng etdiyim şəxs mənə nömrə hədiyyə edən dostum idi. Günün 24 saati qısa zəng atırdım ona. Gecə saat 2-də, 3-də də qısa zəng atırdım. Bəzən sutka ərzində 100 dəfə qısa zəng edirdim. Elə həmən ərəfələrdə dostum naməlum səbəbdən intihar etdi və indiyədək də onun intihar etməsinin səbəbi hər kəs üçün müəmmalı olaraq qaldı. Insanlar görüşdükdə qısa zəngin mahiyyətini əvvəlcədən təyin edirdilər. Məsələn: ”İşimi bitirən kimi vızv atacam”, ”Rayona çatan kimi vızv at xəbərim olsun”, ”Futbol başlayanda vızv atıb yadıma salarsan” “Evdən çıxanda vızv atacam” və sairə.

19 yaşım olanda öz-özümə “Artıq böyümüşəm. Bundan sonra ciddi işlərlə məşğul olmalıyam” deyib, “Turbo”, ”Minti”, ”Final”, ”Dragon” saqqızlarının içindən çıxan şəkillərdən topladığım kolleksiyamı məhəllənin azyaşlı uşaqlarına satıb, özümə 13 “şirvana” neçə müddətdir arzusunda olduğum “Nokia” T28 telefonu aldım. Nömrəni isə dostum hədiyyə etdi. Təqribən 2 ay telefonu əlimdən yerə qoymadım. Gecə yatarkən balışımın altına qoyurdum. Çox məhdud çərçivədə olan menyusunu gün ərzində 100 dəfələrlə o tərəf-bu tərəfə çevirirdim. Ev telefonu ilə zəng vura biləcəyim yerlərə belə mobil telefonla zəng vururdum. Üstəgəl bolluca “vızv atmaq”. Mənim üçün həyatda ən dəyərli əşyaya çevrilmişdi o telefon.

Artıq zəng etmək üçün “Yes” düyməsini basmağa adət etmişdim. Nömrəni yığırdım “Yes”ə basırdım, “Kontaktan” kiməsə zəng vururdum ”Yes” düyməsinə basırdım. Və bunu gün ərzində 100 dəfələrlə təkrar edirdim. Bir gün konturum qurtardığından ev telefonu ilə qonşuma zəng vurası oldum. “Gamebookers”də futbol oyunlarına qoyduğumuz kupon tutmuşdu və bu şad xəbəri ona çatdırmaq istəyirdim. Ev telefonuna yaxınlaşıb nömrəni yığdım və hər dəfə nömrə yığarkən “Yes” düyməsini basmağa vərdiş etdiyimdən qeyri-ixtiyari olaraq dəstək “Zummer” düyməsini basdım. Zəngin alınmadığını görüb daha bir neçə dəfə cəhd etdim və hər dəfə də nömrəni yığdıqdan sonra dəstək düyməsinə basdım. “Yəqin kiminləsə danışırlar” düşüncəsiylə dəstəyi yerinə qoydum və 1 saat sonra yenidən cəhd etdim və hər dəfə də nömrəni yığdıqdan sonra dəstək düyməsini basırdım. Növbəti dəfə nömrəni yığdıqdan sonra külək pəncərəni çırpdı və bir neçə saniyəlik fikrimi yayındığı üçün dəstək düyməsini basmağı unutduğumdan zəng alındı. Qonşum dəstəyi götürən kimi telefonla çox danışıb, uzun-uzadı məşğul etdiyinə görə onu qınamağa başladım. Qonşum isə təəcüblə bildirdi ki belə bir şey mümkün deyil. Yaxın 3-4 saatda onlara zəng gəlməyib və heç kim telefonla danışmayıb. Yalnız bundan sonra nə baş verdiyini dərk etdim və söhbəti dəyişmək üçün udduğumuz kupondan bəhs etməyə başladım.

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir