Mənəvi əlillik

2016-05-27-14-40-57sami2

Bir-neçə gün bundan öncə yaşadığım məhəllənin bir neçə sakini ciddi etirazlarıma rəğmən öz aralarında pul toplayıb, gərəksiz olaraq bir maşın çınqıl alıb yola tökdülər və bununla da mənim yolumu kəsdilər. Əlil arabam çınqıllı yolda hərəkət edə bilmədiyi üçün o yoldan istifadə etməyim mümkünsüz oldu. Bu yazını yolumu kəsməklə məhəllədən kənara çıxışıma əngəl olan “qonşu”larıma həsr edirəm.

Əlillik fiziki və mənəvi olmaqla iki kateqoriyaya bölünür. Gözlə görüldüyü üçün insanlar yalnız fiziki əlilliyi dərk edirlər və çox zaman mənəvi əlilliyi qavramırlar. Halbuki gün ərzində dəfələrlə mənəvi əlilliyi olan şəxslərlə qarşılaşırlar və bəzən özləri də bilərəkdən və ya bilməyərəkdən mənəvi cəhətdən əlil olurlar. Fizikİ cəhətdən əlil olan insanlar istəklərindən kənar, iradələrindən asılı olmayaraq əlil olduqları halda mənəvi cəhətdən əlil olan insanlar çox zaman bilərəkdən, öz istəkləri ilə bu yolu seçirlər.

Mənəvi əlillik nədir ? Danışa bilməyən bir insan nitq əngəllidir və fiziki əlil sayılır. Mənəvi əlil isə danışa bilir və bəzən çox gözəl nitq qabiliyəti olur. Lakin bu bacarığını qeybət etməkloə istifadə edir. Xəbərçilik edərək insanlar arasında münaqişə yaranmasına səbəb olur. Yalan danışır, söyüş söyür, lağ edir. Dua etmək əvəzinə qarğış edir. Bir sözlə danışmaq bacarığını pis məqsədlər üçün istifadə edir ki bu da mənəvi cəhətdən nitq əngəlli olmaq deməkdir.

Kiminsə əli işləmirsə və ya qolu yoxdursa həmən şəxs fiziki əngəlli insan sayılır. Mənəvi əlil isə o şəxsdir ki qolları yerində və qüvvətli olsa da bu imkanından zərərli məqsədlər üçün istifadə edir. Kimisə vuraraq incidir və xəsarət yetirir. Ağacları kəsərək, təbiətə ziyan vurur. Kiminsə cibinə girərək əzab-əziyətlə qazandığı pulunu oğurlayır. Özündən zəif olanların üzərində ağalıq etmək istəyir. Başqasının haqqını mənimsəməyə çalışır. İstədiyi hər şeyi zəhmət çəkməklə qazanmaq yerinə, zor gücü ilə əldə etmək istəyir.

Gəzə bilməyən şəxs yerimə əngəlli sayılır. Mənəvi cəhətdən əlil olanlar isə gəzə bilsələr də getdikləri həyat yolunu düzgün seçmirlər. Atdıqları hər yalnış addımla özlərinə və ətrafdakı insanlara zərər vuran insanlar mənəvi cəhətdən yerimə əngəlli sayılırlar.

Gözləri görməyən şəxs görmə əngəlli sayılır. Mənəvi cəhətdən əlil olan isə özünə və çevrəsinə faydalı ola biləcək elm və ya sənət öyrənmək əvəzinə gününü çayxanada və ya televizorun qarşısında keçirir. Bir insanın çətinlik çəkdiyini görüb, köməyə ehtiyacı olduğunu görüb kömək etmək əvəzinə, dəstək olmaq yerinə özünü görməməzliyə vurur.

Ruhi cəhətdən mənəvi əlil olan insanlar da var ki, bu insanlar həyat yoldaşına xəyanət edir, mərdiməzarlıq edir, övladını incidir, hər kəsə pislik etməyə çalışır, zərərli vərdişlərə sahib olur. Gününü boş şeylərə sərf edir. Həyatda heç nəyə dəyər və əhəmiyyət vermirlər.

Demək olar ki hər gün televiziya kanallarında fiziki cəhətdən tam sağlam olan insanların müxtəlif cinayətlər törədərək insanların malına və cannına zərər vurduqlarının şahidi oluruq. Halbuki bunun əvəzində ehtiyacı olan insanlara fiziki, mənəvi və maddi cəhətdən kömək etmək daha məqsədə uyğundur. Kiminsə namusuna sataşmaq, kiminsə həyatına son qoymaq, əlilliyi olan insanı incitmək və yol kəsmək isə mənəvi əlilliyin ən ağır formalarıdır.

Samir İmanov. Saray qəsəbəsi.

 

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir