Ürək paçalayan ailə dramı- “Qardaşım Vəlini gətirin sonra…

21686131_120687098676957_6957714525313270067_n

Vəli ailənin ilk övladıdır. O, 1994-cü ildə İmişli rayonunda anadan olub. Atası haqqında qısa məlumat verim. Atası Namiq bəy birinci Qarabağ döyüşlərinin könüllülərindəndir. Gedən döyüşlərin birində ağır yaralanır. Bu zaman başından da qəlpə yarası alır. Həmin dövrdə xəstəxanaya yerləşdirilir, müalicə alır və müalicəsi yarımçıq qalır. Müalicəsi tamamlanmadığından başından aldığı qəlpə yarasının təsirindən görmə qabiliyyətini tədricən itirir.Sonra da hərbiyə yararsız olduğundan bir daha xidmət etdiyi hərbi hissəyə qayıtmır. Hal hazırda hərbi deyil, 1-ci qrup gözdən əlildir.

Çox güman ki, doğulan körpə, atası Namiq bəyin yaralandıqdan sonra tam müalicə ala bilməməsi nəticəsində anadangəlmə xəstəliklə dünyaya göz açır. Adını Vəli qoyurlar. Bir müddət sonra uşaqda narahatlıq hiss edən valideynlər həkimə müraciət edirlər. Həkimlərin ona qoyduğu diaqnoz “USI (Uşaq Serebral İflic)” xəstəliyi olur.

Ailə 1997-ci ildə Bakıya köçür ki, uşağı mütəmadi olaraq həkim nəzatətində saxlaya bilsinlər. Xəstəliyin tam sağalan xəstəlik olmadığını valideynlər də bilirlər. Lakin yenə də övladlarına görə mücadilə edirlər.Tam müalicəsi olmasa da müalicə ilə ölümünün qarşısını almaq olur. Müəyyən yaş həddinə qədər yaşaya bilir.

Ailənin ikinci övladı Fərid 1999-cü ildə dünyaya gəlir. Bir müddət keçəndən sonra Fəridin də eyni xəstəliyin daşıyıcısı olması məlum olur. Bu valideynlərini tam sarsıdır və xüsusilə atası Namiqin səhhətinə mənfi təsir göstərir. Bütün bunların yükü ailənin qadını Fatma xanımın çiyninə düşür. Ana iki əlil övladına və birdə görmə qabiliyyətini tam itirərək əlil olmuş ərinə baxmaq məcburiyyətində qalır. 31 avqust 2017 ci ildə Vəliyev Vəli Namiq oğlu “Sirebral İflic” xəstəliyindən əziyyət çəkdiyi üçün dünyasını dəyişdi. Belə tez dünyasını dəyişməyə səbəb vaxtı-vaxtında müalicə ala bilməməsi oldu. Valideyinlərinin imkansızlığı və səhiyyəmizin yarıtmaz vəziyyətdə olması, biganəlikləri uşağın vaxtsız dünyasını dəyişməsinə səbəb oldu.

Bu ağrı acını unutmamış Tanrı valideynlərə ikinci acını yaşatdı. Üç ay sonra Vəlinin qardaşı Vəliyev Fərid Namiq oğlu 27 noyabr 2017-ci ildə dünyadan köçdü. Fərid unudulmaz bir xatirə ilə qardaşı Vəliyə qovuşmaq üçün bu dünyanı tərk etdi.

Anaları Fatma xanım vaxtı olanda xoş havalarda övladlarını çölə çıxarır, parka aparıb gəzdirərmiş. Vəli rəhmətə gedəndən sonra bir gün Fəridə deyir: – ” Ana qurban hava xoşdur, gəl səni geyindirim, çıxaq bir az təmiz hava al” Fərid deyir: – ” Get Vəlini gətir bir yerdə gedim. O, yoxdursa mən də getmirəm” Onun bu tələb və təkidi Fatma ananı nə qədər sızlatsa da, içini parçalasa da o, bunu biruzə vermir və Fəridi ovundurmağa, dilə tutub bayıra çıxarıb gəzdirməyə çalışır. Düşünür ki, bəlkə çölə-bayıra aparmaqla fikrini dağıdar, Vəlinin yoxluğunu ona unutdura bilər. Lakin o, tələbindən dönmür. Qardaşım Vəlini gətir sonra, mən yalnız onunla gəzməyə gedərəm deyib durur.

Vəlinin yoxluğu ilə barışa bilməyən Fətid yatağa düşür. Beləcə qardaşı Vəlinin yoxluğuna tam olaraq üçcə ay belə dözə bilmədi. Geri qaytara bilməyəcəyini bilincə özü ona qovuşmaq üçün yanına getdi. Bir ana üçün bunun nə qədər böyük bir dərd olduğunu yenə də analar bilər. Allahdan Fatma anaya və Namiq ataya səbr, dözüm və balalarına rəhmət diləyirəm. Allah sizi rəhmət eləsin. Məkanınız cənnət olsun! Vəli və Fərid.

Hazırladı: redaktor- R.Quliyev

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir