Mətanət Qüdsinin şeirləri

1479242947_semkirli-qz-1

Mətanət Qüdsi (Quliyeva) – 1997-ci il iyulun 31-də Şəmkir rayonun Bayramlı kəndində anadan olub. 6-cı sinifdə oxuyandan əlil arabasına məhkumdur. 2015-ci ildə Tofiq Cəfərov adına Bayramlı kənd orta məktəbi bitirib. Elə həmin ildə “Gəncə regional kollecin təsviri-incəsənət müəllimliyi ixtisasını qazanib. Hazırda 2-ci kursda oxuyur. İlk dəfə şeir yazmağa 2010-cu ildə darıxdığı bir vaxta təsadüf olmuşdur. Şeirin adı “Söhbətdir”.
Şeirlərini “ Mətanəd Qüdsi” təxəllüsü ilə yazır. “Kəpənəyin saldığı yol” adlı kitabın müəllifidir.

Söhbət

Sakit yaz aylarıydı..
Oturmuşdum bağda tək
Gəlib qondu ovcuma,
Birdən sarı kəpənək
Sən,nə edirsən?-dedi.
Darıxıram, söylədim.
Dedi, artıq mən varam,
Darıxmağın nədəndi?
Söylədi məni dinlə,
Çox üz vermə qüssənə
Gün gələr gözəlləşər,
Həyat gülər üzünə.
Adın kimi ol mətin,
Çalış göstər dəyanət.
Getməz bada zəhmətin,
Mətin ol, ay Mətanət.

Məktəbdə oxuyan uşaq olmadım
Mənim də hər fəsil məktəbə gedib,
Dərslərdən bezdiyim günün olmadı
Kefinə düşəndə bir misal yazıb,
İlliyə beş çıxan rübüm olmadı.
Olmadı mənim də azad baxışım,
Sinif qızları tək dəblə yarışım.
Hər dərsin axırı, son dəqiqəsi
Tənəffüs ardına hazır qaçışım.
Qara önlüyüm tək qaraydı bəxtim,
Tapşırıq yazırdı müəllim yox,həkim.
Bir sual gəzirdi sol tərəfimdə
Sənin taleyinə nece gül əkim?
Məktəbin zənginə açılırdı göz,
Yalvarıb, ağrıma ,deyirdim ki, döz!
Yaşıdım məktəbdə,günüm təbibdə,
Qanmadı fələyim bircə dəfə söz …

——QARANLIQ—–
Sən,
Heç bilirsənmi qaranlıq nədir?
Həm də ayazlı, şaxtalı və duzsuz gün
Ulduzların soyuq, buz baxışlarını hiss etdinmi heç ?
Həm də,
Səssiz və Sənsiz gecə
Otağın zülmət donunda üşüm-üşüm üşüyür…
Üşüdür məni də.
Çarpayım od içində doldurur məni
Əsim-əsim əsirəm….
Günəş çıxsın istəyirəm
Ümidlə pəncərəyə zillənir gözlərim, zil qaranlığa … Ya da, sən gəl,
Gözlərinin hərarəti ilə isinsin otağım.
Bu səs-küydən məni al…
Saatın tıqqıltısı ilə ürək döyüntülərimi tənzimlə,
Nizama sal
Sən, sənsiz qalmadın axı,
Nə biləsən sənsizlik nədir…
Mən sənsizlik nağılı başlamışam sonsuz,
bitməyəcək bir nağıl…
Zamanın ixtiyarı məndədir burda.
Saatın əqrəbləri əlimin altında
Gündüz gələcəkdin deyə,
əqrəbləri gündüzə yaxın qoymuram hələ də
bu zülmət gecədə
Bu nağılda alma əvəzinə, lopa-lopa qarlar düşəcək,
əvvəldən sonadək.
Sabah olacaq, gözlədiyim günəş doğacaq üfüqdən.
Əridəcək yağan qarı,
fəqət ürəyimdə əriməyəcək “sənsiz” buz dağları…
Sən, qaranlığın nur doğduğunu gördünmü….
Dünyanın qaranlıqdan vəcdə gəldiyini hiss etdinmi…
Qəlbimdə qurduğum işıqlı dünya üçün qaranlığa borcluyam,
Yolçuyam, Nur doğacaq Qaranlığa …
Qəlbimin divarları soyuq,
İçimdə səssizlik və gözlərimdə boşluq …
Ruhumu saran bu sarsıntılar, məni tərk etməyəcək.
Yeddini, səkkizi, doqquzu deyil …
O-nu Gözləyəcək …

—— (Adı sənsiz səninəm) SƏNİN ƏSƏRİN—–

Bu gecə bir əsərdə yaşatdım ikimizi…
Bir sən idin, bir də mən, bir də sevda dənizi
Həddimizi aşmadan yaşanılan günləri ,
Qələmə dedim bir-bir .
O yazdı, mən danışdım, sənlə belə tanışdım…
Gizli görüşümüzdən söyləmədim söz belə ,
Sənsiz keçən günləri, sabahları
dünləri söyləmədim qələmə.
Qoy car çəkməsin dedim sevgimizi aləmə. ..
Erdiyin ümidləri pıçıldadım xəyalən ….
Bir o bildi, bir də mən.
Bu gecə əsər yazdım, sənə əsər etdimi söylə bu yazdıqlarım?
Haqlısan, yalan, desən ,
Həmçinin haqlıyam mən…
Özün yoxdun, xəyalın mənimləydi o gecə.
Xəyalınla de əsər yazılmazmıydı səncə?
Hiss oldumu, de, burda sənsizliyimin izi…
Bu cür yaranır demə əsl eşq mənzərəsi adı…

Sənsiz səninəm

Sonda imzamı qoydum əsəri yazan, sənəm…

Mənbə: zim.az

Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir